Torpaqlarımızın mənfur düşmənin işğalından azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2841 hərbi qulluqçusu həlak olub. Bəzi yaralı hərbi qulluqçularımızın isə tibb müəssisələrində müalicəsi davam edir.
Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Fərid Nadirovdur. Qəhrəmanımız 2000-ci il sentyabrın 21-də Göyçay rayonunda anadan olub.
F.Nadirov 2019-cu ildə hərbi xidmətə yollanıb.
Şəhidimiz Vətən müharibəsində Füzuli, Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 4-də ailəsi ilə əlaqə saxlayıb və ailəsinə bildirib ki, üç yüksəklik alınıb.
İgidimiz oktyabrın 13-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Ailədə bir bacı, bir qardaş olublar.
O, nişanlı idi. Əsgərlik xidmətini tam olaraq bitirdikdən sonra geri qayıdınca toy etmək istəyirdi. Amma onun bu arzusu reallaşmayaraq yarımçıq qaldı. Valideynlərinin sözlərinə görə, onlar igid övladı ilə 2 ay müddətinə yaxın əlaqə saxlaya bilməyərək heç bir xəbər əldə edə bilməyiblər. Nəhayət ki, F.Nadirovun şəhidlik xəbəri onların ailəsinə verilib. Noyabrın 28-i şəhid Fəridin nəşi son dəfə olaraq doğulub boya-başa çatdığı kəndə gətirilib. Daha sonra isə Göyçay Şəhidlər Xiyabanına aparılaraq orada böyük izdiham ilə son mənzilə yola salınıb. Elə həmin gündən etibarən atası İlyas Nadirov hər gün xiyabana gələrək igid oğlunun məzarı önündə ziyarət edir.
Xatırladaq ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən döyüşlər zamanı qəhrəmanlıq və böyük şücaətlər göstərdiyi üçün
"Vətən uğrunda" medalı ilə təltif olunub.