Arəstə Kərim qızı Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub. Atası - baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib.
Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə oxuyub. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində İngilis dili üzrə təhsil alıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.
Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb
Ölümündən sonra "Vətən uğrunda" medalı və 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan "Florence Nightingale" medalı ilə təltif edilib.
Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb.
Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın oğlu Mərdan Məmmədli şəhid övladları üçün təşkil edilən “Qaliblər düşərgəsi”nin 14 günlük iştirakçısı olub. AzVision.az düşərgənin işləri ilə tanış olarkən xanım şəhidin övladı ilə söhbətləşib.
- Mən qəhrəman xanımın oğlu olduğum üçün fəxr edirəm və qürur duyuram. Anamı çox sevirdim. O, bizim qayğımıza qalırdı, ana sevgisi verirdi. Anamın şəhadəti xəbərini qürurla qarşıladıq. Şəhidlər ölmür, onlar hər zaman bizim qəlbimizdə yaşayacaq. Allah bütün şəhidlərə rəhmət eləsin!
- Sonuncu dəfə ananla nə zaman görüşdün?
- Anam məni riyaziyyat fənnindən hazırlığa qoymuşdu. O, həmişə istəyirdi ki, dərslərimizi yaxşı oxuyaq. Buna görə də bizə müəllimlər tuturdu. Müharibəyə gedəndə bacımla mənə dedi ki, “Mən işə gedirəm, şənbə günü geri qayıdacağam”. Onunla görüşüb, hazırlığa getdim. Anam isə məndən iki saat sonra evdən çıxacaqdı. Sonrakı gün anamın şəhid olması xəbəri gəldi.
- Arəstə xanımın övladlarından gözləntiləri nəydi? Sizə hansı məsləhətləri verirdi? - Həmişə deyirdi ki, dərslərinizi yaxşı oxuyun, Vətənə xidmət edin, kasıb insanlara əl tutun.
- Ananın sözlərinə əməl edib, dərslərini yaxşı oxuyursanmı? - Bəli.
- Ən çox hansı fənni sevirsən? - Riyaziyyatı və ingilis dilini. Anam özü ingilis dili müəlliməsi olub. Ancaq ixtisasından imtina edib, hospitalda tibb bacısı olmuşdu.
- Sən özün də gələcəyin qəhrəman əsgərisən… - Hərbçi olmaq fikrim var. Kiçik yaşlarımdan belə fikrim olub. Yəqin ki, anamın Vətənə bağlılığından belə bir istək məndə yaranıb.
Qeyd edək ki, gənc heykəltaraş Müstəqil Balayev Vətən Müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın büstünü hazırlayıb.