Zərbəli Vidadi oğlu Qafarov (13 iyun 1990; Gəncə, Azərbaycan SSR — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi
Zərbəli Qafarov 13 iyun 1990-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 2006-cı ildə Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir.
Zərbəli Qafarov 2008-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, 2008-2010-cu illərdə xidmətini Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində sıravi əsgər kimi etmişdir.
Zərbəli Qafarov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.
Azərbaycan Ordusunun əsgəri olan Zərbəli Qafarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, Tərtər və Goranboy rayonları istiqamətində vuruşmuşdur. Zərbəli Qafarov 8 oktyabr 2020-ci ildə Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 9 oktyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zərbəli Qafarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.