Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Bu müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.
Fərrux Bayram oğlu Bayramlı 1990-cı il yanvarın 24-də Saatlı rayonunun Məmmədabad kəndində anadan olub. Orta təhsilini Saatlı rayon Azad Bayramov adına Məmmədabad kənd orta məktəbində alıb.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Fərrux Bayramov hələ 2016-cı ilin aprel döyüşləri zamanından orduya yazılmışdı. 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəmizdə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, neçə-neçə döyüş yoldaşının həyatını xilas edib. Özü isə 4noyabr tarixində Şuşa istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib və Məmmədabad kəndində torpağa tapşırılıb.
Altı illik ailəli olan şəhidimizdən Vətənə əmanət Əsmər adlı üç yaşlı qızı, Fəxri adlı 2 yaşlı oğlu qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərrux Bayramov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərrux Bayramov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərrux Bayramov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.