Əfqan Hüseyn oğlu Axundov 16 fevral 2000-ci ildə Salyan şəhərində anadan olub.
Ailədə bir qardaş, bir bacı olublar. Atası Hüseyn ailəsini bazarda göy-göyərti satmaqla dolandırıb. Amma Əfqanın 8 yaşı olanda 48 yaşlı atası ağır xəstəlikdən dünyasını dəyişib. Ailənin bütün ağırlığı anası Xoşgül xanımın üzərinə düşüb. O, balalarını çox çətinliklə, ehtiyac içində, xadimə işləyərək böyüdüb.
Əfqan 2015-ci ildə Salyan şəhər 1 saylı humanitar məktəbin 9-cu sinfini bitirərək, Dənizçilik Kollecinə daxil olub. Maddi cəhətdən çətinlik çəkdikləri üçün gündüzlər oxuyub, axşamlar isə işləyib. Anası deyir ki, "bilirdim, çox vaxt ac olur. Amma soruşanda deyərdi ki, hər şeyim var. Deyərdim ki, göstər telefonda baxım, cavab verərdi ki, küçədəyəm, göstərə bilmirəm”.
Əfqan 2019-cu ildə Dənizçilik Kollecini bitirərək hərbi xidmətə yollanıb. Tərtərdə qulluq edib. Az vaxt ərzində əsgər yoldaşları və zabitlər arasında öz səmimiliyi və qorxmazlığı ilə dərin hörmət qazanıb. “Balam hərbi xidmətdən 63 gün tez gəldi. Tərxisinə o qədər qalmışdı. Əsgər kimi andiçməsinə getmişdim, 2 dəfə məzuniyyətə də gəlmişdi. Amma deyirdi ki, “mən şəhid olacam. Çünki şəhidlərin yeri cənnətdir”... balam arzusuna çatdı” - deyir Xoşgül xanım.
Əfqan həm də anasına zəng vuraraq onunla fəxr etməsini istəyib. Deyibmiş ki, “ana, mənimlə fəxr et, Suqovuşanın alınmasında iştirak etmişəm”. Sonuncu dəfə isə oktyabr ayının 15-də anasına səsli mesaj yollayaraq deyib ki, “məndən nigaran qalma”.
- Demə, balam son döyüşə gedirmiş. Yaralı əsgər dostunun dediyinə görə, hücum zamanı komandirləri mayor Ramid Hacıyevdən sonra Əfqan, sonra isə o irəliləyirmiş. Bu zaman düşmənin atdığı mərminin onların yanına düşməsi nəticəsində komandir və Əfqan şəhid olub, həmin əsgər isə ağır yaralanıb,- anası Xoşgül xanım bildirir.
Əsgər Əfqan Axundov oktyabr ayının 16-da şəhid olsa da uğrunda canından keçdiyi torpağa oktybar ayının 29-da tapşırılıb. Şəhid olmuş komandirin və əsgərinin nəşini düşmənin atəşi altında olan mövqedən bir müddət çıxarmaq mümkün olmayıb.
Əfqanın ata babası, 84 yaşlı Feyzulla kişi düz 42 il dəmir yolunda işləyib. O, Əfqan barədə danışmaq istəsə də kövrəlir... Birtəhər özünü ələ alaraq bildirir ki, Əfqan çox qürurlu uşaq idi: “Uşaqla uşaq, böyüklə böyük idi. Mən nəvəmlə fəxr edirəm”.
“Əfqan qaradinməz olduğu qədər də istiqanlı və mərd idi. Əfqan mənə həm ata, həm də qardaş olub. Onun tərxis olunmasına dörd ay qalmış mən nişanlanmışdım. Mənə telefonda dedi ki, “darıxıb eləmə, qardaşın gəlib sənə dəbdəbəli bir toy edəcək. Gecə-gündüz işləyib sənə cehiz də alacağam”,- bunu isə Əfqanın bacısı Turanə deyir.
“Azərbaycan Ordusunun qələbə müjdəsini eşidəndə çox sevindim. Balalarımızın qanı yerdə qalmadı. Balamın uğrunda şəhid olduğu torpaqlar Vətənə qaldı. Ən böyük arzum gedib Əfqanın şəhid olduğu yerləri ziyarət etməkdir. Bir də ki, əgər imkan olsa, onun bir vaxtlar getdiyi, hazırda adsız uşaq baxçasına adının verilməsini istəyirəm”-deyə Əfqanın anası arzusunu dilə gətirir.
Azərbaycan Ordusunun 19 yaşlı əsgəri Əfqan Hüseyn oğlu Axundov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.