Ceyhun Natiq oğlu Abbasov 8 fevral 1986-cı ildə Bakı şəhərində doğulub. Orta təhsilini Bakı şəhəri Elşad Yəhyayev adına 56 saylı tam orta məktəbdə alıb. Burada 9 il oxuduqdan sonra, təhsilini öz arzusu ilə Cəmşid Naxçıvanski adına Hərbi litseydə davam etdirmək istəyib lakin litseyə qəbul ola bilməyib və bundan sonra sənədlərini texniki peşə məktəbinə təqdim edib.
Peşə məktəbinə qəbul olan Ceyhun oranı müvəffəqiyyətlə bitirdikdən sonra, həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmətini də uğurla başa vurub və bundan sonra peşəkar hərbçi olmaq arzusunu gerçəkləşdirmək qərarına gəlib.
Beləliklə, hərbi xidmətdə qalmağı seçən Vətən oğlu, respublikanın müxtəlif bölgələrində, cəbhəyanı ərazilərdə və biləvasitə ön cəbhədə xidmət edib: Beyləqan, Füzuli, Tərtər, Ağdam, Gədəbəy... Son xidmət yeri isə Şəmkir rayonundakı “N” saylı hərbi hissənin əks-həmlə taboru olub. Təcrübəli hərbçi taborun snayper qrupunun komandiri idi.
O, vaxtı ilə snayper silahının özəlliklərinə daha da yaxından yiyələnmək üçün qardaş Türkiyədə komando kursları keçib, təkmilləşib və xüsusi təyinatlı snayper kimi şöhrət qazanıb. Hərbçi dostları arasında “qarşısıalınmaz kəskin nişançı” olaraq tanınan Ceyhun Abbasov, xidmət etdiyi dövrdə 50-yə yaxın xüsusi döyüş tapşırığını yerinə yetirib.
Ceyhun Abbasov Azərbaycan Prezidenti adından, Müdafiə nazirinin 24 iyun 2013-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubley medalı ilə təltif olunub. 2016-cı ilin aprel döyüşlərində Lələtəpə istiqamətindəki qəhrəmanlığına görə, cənab Prezidentin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Ceyhun 2020-ci ilin iyulunda dövlət sərhədinin Tovuz istiqamətində düşmən hücumunun qarşısını alan oğullardan biri olaraq da öz fədakarlığı ilə fərqlənib. O, burada Ermənistan silahlı qüvvələrinin dörd hərbçisini zərərsizləşdirib. Hərbi təxribatlarına ara vermək istəməyən düşmənin müddətdən artıq hərbi qulluqçusu Aşot Mikaelyanı isə boğaz nahiyəsindən vuraraq, nə qədər sərrast atıcı olduğunu bir daha nümayiş etdirib. Ceyhun Aşotu zərərsizləşdirəndə gecə saat 01:10 radələri olub... Bu hadisə mətbuatda 14 iyulda şəhid olan Yaşar Babayevin qisasının alınması kimi tirajlanıb...
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Tovuz döyüşlərində göstərdiyi şücaətə görə Ceyhun Abbasova xüsusi hazırlanmış qol saatı bağışlayıb və başqa mükafatlarla təltif edib.
Qəhrəman gizirin son döyüşü Murov dağ silsiləsində yerləşən Elşən zirvəsi uğrunda olub. 28 sentyabr 2020-ci ildə Elşən zirvəsi uğrunda gedən döyüşlərdə ayaq və bel nahiyəsindən yaralanan Ceyhun, təxliyədən imtina edərək, öz yaralarını sarıyıb, ağrı kəsici iynə vuraraq, döyüşə davam edib. O, yaralı halında belə, düşmənə zərbə vurmağı bacarıb: həmin andakı duruma görə məcburi və çevik qərar qəbul edən peşəkar hərbçi yanındakı yoldaşının “qumbaraatan”ını götürərək, dörd erməni atəş istehkam məntəqəsini partladıb. Qorxmaz hərbçimiz erməni postuna girərkən şəhid olub.
Ceyhun Abbasov 12 dekabr 2020-ci ildə II Fəxri Xiyabanda dəfn edilib.
Şəhid gizirimiz ailəli idi, 2 övladı yadigar qalıb.