Qəhrəmanımız, 29 avqust 1995-ci il tarixində Daşkəsən rayonunda anadan olub.
Orta təhsilini İ. Nəsimi adına 1 saylı tam orta məktəbdə alıb. Müəllimləri deyir ki, “Rüstəm danışıqları, hərəkətləri ilə yoldaşlarından seçilən bir şagird idi. Dostları ilə xoş söhbəti sevsə də, şən biri olsa da, öz düşüncələri ilə təklikdə qalmağı daha üstün tuturdu. Düşüncələrini yazılara çevirib qeyd edirdi”.
Hərbi xidmətini 2013-cü ildə ön xətdə yerləşən hərbi hissələrin birində keçib.
Ali təhsilini Rusiyada Psixologiya sahədində alsa da, yarım qoyub Vətənə qayıdaraq hərbidə MAXE vəzifəsində çalışmağı seçib.
Qısa zamanda öz xidmətində nümunəviliyi, vətənpərvərliyi, yoldaşlarına xoş davranışı ilə seçilən Rüstəm, 2 oktyabr 2020-ci il tarixində Vətən müharibəsinin Kəlbəcər- Murov istiqamətində qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib.
Rüstəmdən xəbər ala bilməyən dostları, tanışları aylarla onu axtardılar. Körpədən böyüyə ürəklərdə taxt quran Rüstəmin ölümünü heç kim qəbul edə bilmirdi, hər kəs möcüzəvi şəkildə, böyük ümidlərlə onun sağ dönəcəyinə inanırdı.
Lakin bu belə olmadı...
Şəhid olduğu gündən 70 gün sonra, 17 dekabr 2020-ci il tarixində Rüstəmin ailəsinə onun Şəhidlik zirvəsinə yüksəldiyi xəbəri verildi, yaşadığı Daşkəsən rayonunun Şəhidlər Xiyabanında torpağa tapşırıldı.
Ruhun şad olsun qardaş...