Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Hüseynov Rafiz Afiqdir.
Rafiz Hüseynov 12 oktyabr 2000-ci ildə Gədəbəy rayonu Şahdağ kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Rafiz Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Kəlbəcər, Cəbrayıl, Füzuli və Şuşa rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.
28.10.2020-ci ildə Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rafiz Hüseynov ölümündən sonra bir sıra medallarla təltif edilib.
1.“Cəsur döyüşçü” medalı;
2.”Vətən müharibəsi iştirakçısı” medalı;
3.“Kəlbəcərin azad edilməsinə görə” medalı;
4.“Xocavəndin azad edilməsinə görə” medalı;
5. “Şücaətə görə” medalı.
6."Vətən uğrunda" medalı