Vətənin hər daşı və torpağı bizlərə candan əziz və doğmadır.
30 illik vətən həsrətini 44 günlük Vətən müharibəsilə bitirən, qanı və canından keçərək, qəhrəmanlıq səlnaməsi yazan şəhidlərimizdən biri də Xudiyev Tural Rəfayıl oğludur.
Tamamlanmayan 22 yaş. 21 yaşa böyük bir zəfərin sevincini sığdıran Tural Xudiyev döyüş meydanında qəhrəmancasına Şəhid olmuşdur.
Xudiyev Tural Rəfayıl oğlu 27 noyabr 1998- ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Ağdam rayonundan olan Tural vətənpərvər ruhda böyümüş, otağının hər bir küncünü I Qarabağ müharibəsində Şəhid olan Milli Qəhrəman Allahverdi Bağırov, Fred Asəf və Albert Aqarunovun şəkillərilə bəzəmişdir.
“Mənim oğlum vətənpərvər, qayğıkeş, dost - tanışa can yandıran, onları heç bir zaman darda qoymayan bir oğul idi”.
Bu sözləri Vətən müharibəsi şəhidi Tural Xudiyevin anası Rəna ana söylədi.
İki övladım var. Oğlum Tural, qızım Nəzrin. Övladrımızı çox çətinliklə böyütmüşdük. Yoldaşım ikinci qrup əlildir. Tural çox qanacaqlı, mehriban və vətənpərvər oğul idi. 2005- 2016 -ci illərdə Bakı şəhəri Xətai rayonunda yerləşən 138 saylı orta məktəbi bitirdikdən sonra elə həmin ildə Azərbaycan Texniki Universitetin “Nəqliyyat və logistika” fakültəsinə daxil oldu.
Bacısı Nəzrin qardaşının universitetə qəbul olduğu günləri xatırlayaraq, hələ cavablar çıxmamış Tural söyləyirdi ki, “mən artıq ali təhsilliyəm”. Deyirdik ki, Tural axı cavablar hələ bilinmir. Universitetə daxil olduqdan sonra hərbi xidmətə yola düşmək istəyirdi. Bunun üçün təhsilini dayandırmaq lazım idi. Evdə sənədlərə imza atmaq üçün valideynlərdən biri getməli idi. Atam getmədi. Tural söylədi ki, əgər getməsəniz, özüm universitetdən bir dəfəlik ayrılıb, xidmətə yollanacam. Nəhayət anamı razı salıb, akademik məzuniyyət götürdü.
2018-ci ildə akademik məzuniyyət götürərək, 4 aprel 2019-cu ildə həqiqi hərbi xidmətə yola düşdü.
Tural Xudiyev 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı. Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi.
Karantin müddətilə əlaqədar olaraq, biz onunla Ağcabədi rayonunda keçirilən and içmə mərasimində görüşə bildik. Hərbi xidmətə getmədən bir neçə gün əvvəl gecə mənə söylədi ki, dur mənə yemək hazırla, acmışam. Təkidlə söyləyirdi ki, yemək hazırla. “Dur, hazırla, birdən şəhid olaram, peşiman olarsan”. Heç ağlımada gəlməzdi ki, qardaşımın söylədiyi söz gərçək olar. Qardaşım həyatda çox çətinlik çəkdi, amma bunu heç vaxt heç kəsə söyləmirdi. Yaşadığı çətinliyi dilinə gətirmirdi.
Xidmətdə olarkən bizimlə telefonla danışırıdı. Danışıq zamanı tezliklə bizlərə şad xəbər verəcəyini söylədi. Aradan vaxt keçdi. Yenidən zəng elədi, anam, atam və mən danışdıq.
Tural söylədi ki, yadınızda demişdim ki, sizlərə xoş xəbər verəcəm. Mən XTQ-ə qəbul olmuşam. Elə sevinird ki...
Sözün düzü narahat olduq.
Söylədi ki, narahat olmayın, hər şey yaxşıdır. Qardaşım mərd oğul idi. Onunla fəxr edirəm. Onun baxdığı filmlər oxuduğu kitablar belə ancaq vətənə bağlı idi. XTQ-ə qəbul olunduqdan sonra bizlər onunla görüşə getmək üçün hazırlaşırdıq. Zəng etdi, soruşdu yenə gəlirsiniz? Bizdə hə, söylədik. Gəlməyin.Tez-tez gələcəksiniz sonra sizlərdən ötrü darıxacam.
Azərbaycan Ordusunun əsgəri olan Tural Xudiyev, hərbi xidmətinin bitməsinə dörd gün qalmış 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmağa başlayıb. Tural Xudiyev Vətən müharibəsi zamanı Kəlbəcərin, Suqovuşanın, Ağdərənin, Hadrutun, Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşaltı və digər istiqamətində gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardımın göstərilməsində, həmçinin döyüş meydanından təxliyə edilməsində fərqlənib.
Şəhid ataları hər zaman bir olur. Onları bir-birindən ayırmaq mümkünsüzdür.
Oğlu Turaldan söhbət açarkən, gözləri dolur, amma sözlərinə davam edirdi.
Döyüş zamanı onunla çətinliklə olsa da, danışa bilirdik. Müharibənin ilk günündən döyüş meydanında olub. Murov dağ istiqamətindən başlayaraq, Kəlbəcər, Suqovuşan, Ağdərə, Hadrut, Füzuli, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Onun yaralı dostları xəstəxanaya gəldikləri zaman onları ziyarətə gedirdik. Həm Turaldan xəbər almaq üçün həm də onun döyüş yoldaşlarının səhhətilə bağlı ziyarət edirdik.Yaralı döyüş yoldaşı deyirdi ki, Tural məni 800-1200metrlik məsafəni sürünərək, neytral zonaya çıxardırdı. Yaramızı sarıyıb, yenidən döyüş meydanına geri dönürdü. I Qarabağ müharibəsində qardaşım Xudu Xudiyev və qohumum Aydın Allahverdiyev şəhid olmuşdur. Tural mənimlə danışarkən əmisinin qısasını aldığını söylədi. Oğlum öndə gedənlərdən biri idi. Ata, hər insana qismət olmayacağı xoşbəxtliyi yaşayırıq. Otuz ildən sonra bu torpaqlara ayaq basanlardan biriyəm. Bir dəfə zəng edəndə o qədər sevincli danışırdı ki. Onun heç vaxt belə sevincli danışdığının şahidi olmamışdıq. Sonradan bildik ki, ən vacib yüksəkliyi azad ediblər. Şuşada olarkən, mənə söylədi ki, ata, sənin Şuşada şəklin var? Dedim, balam, mən kiçik olanda Şuşada olmuşam. Oğlum sevinc hissilə mənə söylədi ki, mənim Şuşa da şəklim var. Sizlərə göndərəcəm, baxarsınız.
Ata susur.
Ana isə otaqda olan oğlunun şəkillərinə baxır, susur və yenidən söhbətə davam edir.
Oğlum hər dəfə mənim telefonuma zəng edib, danışardı. Xidmətdə olarkən, məzuniyyət götürüb, evə gələcəkdir. Dəfələrlə hazırlıq gördük, amma gələ bilmirdi. Sonuncu dəfə 9 yanvar tarixində məzuniyyət götürərək, evə gəldi. 10gündən sonra yenidən geri qayıtdı. Bizlər onunla mart ayında görüşəcəkdir. Amma pandemiyayla bağlı görüşə bilmədik. Tural hərbilə bağlı heç bir kəlmə belə demirdi. Hətta o xidmətdə olarkən, belə xidmət etdiyi yerin nömrəsini belə söyləməmişdi. Bizlər onun yerini çox çətinliklə tapdıq. Hər kəs deyirdi ki, necə ola bilər ki, siz onun harada olduğunu belə bilmirsiniz? Biz onun xidmətdə hansı vəzifədə olduğunu belə bilmirdik. Yanlız ölümündən sonra ölüm kağızında qumbaraatan olduğunu oxuduqdan sonra bilmişik. Oğlum çox təmizkar, qayda-qanuna riaət edən biri idi. Bir dəfə telefonla danışanda dedi ki, nə mürəbbə bişirmisən? Dedim ki, nə istəyirsən? Moruq istədiyini söylədi. Onun istədiyi meyvələrdən mürəbbə, kompot hazırladım. Hətta təzə halda soyuducuda dondurdum ki, gələndə yesin. Eləcə soyuducuda qaldı. Oğlum isə...
”Tək istəyi torpaqlarımızın düşmən tapdağından azad olması idi”. Cəbrayılda önəmli yüksəkliklərin birində bayrağı Tural asıb. Səkkizinci sinifdə oxuyarkən, Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olmaq üçün sənədlərini hazırladı. Lakin gözündə yaranan problemə görə qəbul ola bilmədi. Sonralar hərbi xidmətdə olan zaman dedi ki, özüm XTQ-ə qəbul oldum ki, müharibə başlayan zaman yenidən ön cəbhəyə qayıda bilim. Oğluma deyir dim ki, özünüzü qoruyun. Diqqətli olun. Məndən nigaran qalmayın. Bizlər yaxşıyıq.
Tural döyüş meydanında olarkən,dayım yuxu görüb. Görüb ki, Turalın toyudur. Gəlinin biləklərinə qara iplər bağlanıb. Onunla danışanda söylədim ki, ehtiyatlı ol. Mənə dedi ki, uşaqlarda məni yuxularında görüblər, narahat olmayın.
8 noyabr Şuşada döyüş yoldaşıla birlikdə su və yemək gətirməyə gedəndə onların olduğu yerə minamyot düşür. Yanındakı dostu şəhid olur. Turalın 10metrliyinə düşüb, qəlpə qoruyucu jiletin sol tərəfindən girib, böyrəyə dəyib, bu zaman daxili qan axma baş verib. Budu və ayağı yüngülvarı yaralanıb. Əgər böyrəyi yaralanmasaydı indi həyatda olardı. Mənfur düşmən ora yardıma gələn hər bir texnika və yardım heyətini atəşə tuturdu. Bizim evə gələn döyüş yoldaşları deyirdilər ki, Tural yaralı olduğu zaman 35-40 dəqiqə huşu özündə olub, bizimlə zarafat belə edirdi. Hətta deyirdi ki, “mən veteran olacam”.
Bizə gecə xəbər gəldi ki, Füzuli rayonu Diaqnostika mərkəzinə yaxınlaşın. Biz elə bildik ki, yaralıdı. Amma bizdən əvvəl qohumlarımız bilirdilər ki, Tural artıq şəhid olub.
Yaralı olarkən, döyüş yoldaşılarına söyləyib ki, mən şəhid olsam, çantamdakı məktubu ailəmə təhvil verin. Oğlum məktubu avqustun 9-u yazıb. Dəfn olunduqdan 15-20 gün sonra məktub bizə gəlib çatdı. Oğlum Ağdam rayonu Quzanlı kənd Şəhidlər xiyabanında dəfn olunub. Mən oğlumun Bakıda dəfn olunmağını istəyirdim. Amma olmadı. Məktub da isə Bakıda dayısının yanında dəfn olunmaq istədiyini yazmışdı. Xalası qızı yuxusunda görüb ki, Tural deyir ki, bura Cənnətə gəlin. Lakin məktub əlimizə gec gəlib, çatdı. Oğlum Şuşa döyüşlərində günlərlə ac qalıb. Sıldırım qayalara dırmaşmışdı. Onun barmaqlarında, üzündə bədənində döyüşün izləri qalmışdı. Bir ana üçün çox ağır dərdir. Balamın bizə çox az sayda əşyaları gəlib, çatdı. Onun bütün əşyalarını istəyirəm. Nəfəsinin dəydiyi hər bir əşya mənə oğlumdan bir xatirədir. Əlinin dəydiyi işlətdiyi kiçik sabun parçasını belə istəyirəm. Amma təəssüflər olsun ki, çox az sayda əşyalarını təhvil ala bildim. Digər əşyaları isə itkin düşüb.
Qardaşımın əsgər yoldaşı var. O da qazi olub. İsmayıl bizə gələndə qardaşımın hərbi formasını bizlərə çatdırıb. Qardaşım vəsiyyət edib ki, əşyaları otağımda saxlayın. Onun otağında bizə gəlib çatan az sayda əşyaları var. Hansı istiqamətdə döyüşdə olurdusa, oradan mütləq xatirə olaraq, nəsə götürürdü.
Döyüşlərin birində əlindən yaralanmışdı. Gipsə qoyulmuşdu. Buna baxmayaraq, o yenidən döyüşə qayıtdı. Oğlum hər dəfə mənim telefonuma zəng edib, danışırdı. İndi telefonumun zəngi susub... Məktəb yoldaşları, döyüş yoldaşı bizlərə gəlib, gedirlər. Mənə qalan tək təsəlli onun az sayda olsa da, bizə gəlib çatan əşyalarıdır.
Oğlumun döyüş zamanı çəkilən şəkillərilə və əvvəl ki, şəkillərinə baxan da onun 44gün içərisində necə böyüdüyünün şahidi oluram.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tural Xudiyev ölümündən sonra bir sıra medallarla təltif edilib.
1.“Cəsur döyüşçü” medalı;
2.Vətən müharibəsi iştirakçısı medalı;
3.“Kəlbəcərin azad edilməsinə görə” medalı;
4.“Xocavəndin azad edilməsinə görə” medalı;
5. “Şuşanın azad edilməsinə görə” medalı;
6.“Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı.