Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Rəşad Novruzovdur.
Rəşad Novruzov Elşad oğlu 2001-ci il aprelin 3-də anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Rəşad Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Kəlbəcər, Cəbrayıl, Füzuli və Şuşa rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.
2020-ci ilin 9 noyabrında Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından həlak olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rəşad Novruzov ölümündən sonra bir sıra medallarla təltif edilib:
1. “Cəsur döyüşçü” medalı;
2.Vətən müharibəsi iştirakçısı medalı;
3.“Xocavəndin azad edilməsinə görə” medalı;
4.“Cəbrayılın azad edilməsinə görə” medalı;
5.“Füzulinin azad edilməsinə görə” medalı;
6. “Kəlbəcərin azad edilməsinə görə” medalı;
7.“Şuşanın azad edilməsinə görə” medalı;
8.“Şücaətə görə” medalı.