44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Sakit Şahin oğlu Allahverdiyevdir. O, 24 dekabr, 2001-ci ildə Ağstafa rayonunun Tatlı kəndində dünyaya göz açıb. 2007-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olan Sakit 2018-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib.
2020-ci ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət müddətində Sakit mühüm tapşırıqları yerinə yetirib, hərbi təlim toplantılarına qatılıb.
Əsgər Sakit Allahverdiyev Vətən Müharibəsinin ilk günündən bir çox hərbi əməliyyatlarda və döyüşlərdə iştirak edib, döyüş tapşırıqlarını uğurla yerinə yetirib. Kəlbəcər, Cəbrayıl, Füzuli və Şuşa rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.
O, 2020-ci il, noyabrın 9-da Şuşa döyüşləri zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
13 noyabr 2020-ci ildə Çaylı kəndinin qəbiristanlığında dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Sakit Allahverdiyev ölümündən sonra bir sıra medallarla təltif edilib: "Hərbi xidmətlərə görə”, "Vətən müharibəsi iştirakçısı", “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”.