Ülfət Qabil oğlu Babazadə 2000-ci il fevralın 28-də Lənkəran rayonunun Daştatük kəndində anadan olub. Orta məktəbi bitirib, müstəqil həyata qədəm qoyanda əsas amalı millət, dövlət yolunda vicdanla çalışmaq, el-odada yaxşı işlər görmək, ömrünü halallıqla keçirmək olan Ülfət 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayır.
O, Cəlilabaddakı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrin sırasında xidmətə göndərilir. Burada əsgər Ülfətin vətənpərvərliyi, təlimlər zamanı qeyri-adi döyüş bacarıq və qabiliyyətləri, Vətənə, torpağa sədaqəti aydın şəkildə özünü göstərir. Düşmənə nifrəti, qəzəbi isə onu daha da qətiyyətli edir. 2020-ci il sentyabrın 27-də torpaqlarımızı azad etmək uğrunda Vətən müharibəsi başlayanda o, həvəslə cəbhəyə yollanır, Kəlbəcər, Cəbrayıl, Füzuli və Şuşa rayonlarının işğaldan azad olunmasında fəal iştirak edir.
Neçə-neçə odun-alovun içindən zəfərlə çıxan gənc igidimiz düşmənin çoxlu sayda texnika və canlı qüvvəsini məhv edir. Şuşa şəhərinin işğalçılardan azad olunmasında xüsusi hünər göstərir. Noyabrın 9-da - müharibənin son günündə,- Şuşa döyüşləri zamanı şəhid olur. Lənkəran rayonunda torpağa tapşırılır.
Lənkəran rayonunun Daştatük kəndində indi ən çox əzizlənən, ürəklə çəkilən addır Ülfət.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Ülfət Babazadə ölümündən sonra “Cəsur döyüşçü”, ”Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.