Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Fuad Əliyevdir.
Fuad Ramin oğlu Əliyev 10 may 2001-ci ildə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub.
2007-2018-ci illərdə M.Ələkbərov adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb.
Fuad Əliyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.
Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olan Fuad Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ, Suqovuşan, Hadrut, Füzuli, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Fuad Əliyev noyabrın 10-da Şuşa döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Öysüzlü kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Əliyev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.