Ehtiram Teyyub oğlu Əhmədov 2001-ci il martın 26-da Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. 2007-2018-cı illərdə M.Nəzirova adına 1 saylı Yeni Suvagil kənd tam orta məktəbində təhsil alıb.
Ehtiram Əhmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Vətən müharibəsinə qədər Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.
Atası Teyyub Əhmədovun söylədiyinə görə, oğlu əvvəlcə Ağcabədi rayonunda 3 ay 40 gün “N” saylı hərbi hissədə hərbi xidmətini keçib. Sonra isə hərbi xidmətini Gornaboy rayonunda, daha sonra isə Cəlilabad rayonunun Göytəpə şəhərində davam etdirib. Seçilən hərbiçilər kimi Xüsusi Təyinatlı Dəstənin tərkibinə qəbul olunub və dənizdə, meşələrdə, dağlarda döyüş hazırlığı keçib. Daha sonra Vətən müharibəsinə yollanıb.
“Arxayn olun, hərbi xidmətimiz yaxşı keçir, komandirlərin tapşırıqlarına əməl edirik, sizin başınızı aşağı etməyəcəyəm.
Biz hərbi and qəbul etmişik, əməl etmək isə hər birimizin borcudur ",- deyə Ehtiram anası Sevdagülə gedərkən söyləyib.
Vətən müharibəsi zamanı Ehtiram Suqovuşan, Xocavənd, Cəbrayıl , Kəlbəcər və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Ehtiram Əhmədov oktyabrın 15-də Füzuli döyüşləri zamanı ağır yaralanıb . 24 gün Bakı şəhərindəki Mərkəzi Hərbi Hospitalda komada qalıb. Atası deyir ki, "düşmənin atdığı qadağan edilmiş silahın qəlpəsi sol gözünün altından keçmiş, beynini zədələyərək, gicgah hissəsində ilişib qalıbmış".
Ehtiram Əhmədov noyabrın 9-da vəfat edib. Şəhid Ehtiram Zaqatala rayonunun Yeni Suvagil kəndində torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ehtiram Teyyub oğlu Əhmədov ölümündən sonra
”Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”,“Cəbrayılın azad edilməsinə görə”,“Füzulinin azad edilməsinə görə”, "Xocavəndin azad edilməsinə görə”,“Şücaətə görə” medalları ilə təltif edilib.