2021/09/xeyal-1632552694.jpg

line
Adı: Şəkərov
Soyadı: Xəyal
Ata adı: İman
Doğum tarixi: 01.09.1998
Şəhid olub: 10.10.2020
Rütbəsi: Gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan əsgərlərdən biri də Xəyal İman oğlu Şəkərovdur.

Xəyal Şəkərov 1998-ci il oktyabrın 1-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. 1941-45-ci il müharibəsinin əfsanəvi qəhrəmanı Məstan Əliyevin adını daşıyan Əsrik Cırdaxan kənd orta məktəbində oxuyub. Məstan Əliyevin qəhrəmanlığı, ömür yolu, mübarizliyi neçə-neçə eloğlusunun ömrünə köçüb; şair demiş, “bir ömürə bəzən sığmır bir ömür”…

Xəyal hələ orta məktəbdə oxuyarkən intensiv şəkildə idmanla, o cümlədən güləşlə, qaydasız döyüşlə məşğul olub, müxtəlif səviyyəli yarışmalarda yerlər qazanıb, qaydasız döyüş üzrə respublika birinciliyinin qalibi olub.

Xəyal 2016-cı il oktyabrın 5-də həqiqi hərbi xidmətə gedib. 2018-ci ilin aprelində tərxis olunan Xəyal öz xəyallarının ardınca gedərək, həmin ilin sentyabr-oktyabr aylarında gizirlik kursu keçib və artıq noyabr ayında Ağdam rayonunda Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat bölməsində müddətdən artıq hərbi xidmətə başlayıb.

Xəyal Şəkərov həmişə öz peşəkarlığını daha da artırmağa həvəsli olub və onun potensialını düzgün qiymətləndirən komandanlıq Xəyalı 2019-cu ilin oktyabr ayından etibarən Xüsusi Təyinatlı Qüvvələrin 6 aylıq kursuna göndərib. 2020-ci ilin aprel ayında bu kursu da uğurla bitirən Xəyal xidmətini yeni bilik və bacarıqlarla Xüsusi Təyinatlı Qüvvələrdə davam etdirib.

27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayanda Xəyal döyüşə ilk atılanlardan olub. O, Cəbrayıl şəhərinə bayraq sancan cəngavərlərin sırasında olub. Kəlbəcər, Cəbrayıl və Xocavənd rayonunun işğaldan azad olunmasında xüsusi rəşadət, şücaət və mərdlik nümayiş etdirib. Eləcə də bir sıra kəndlərin alınmasında xüsusi xidmətləri olan Xəyal 2020-ci il oktybarın 10-da Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından həlak olmuşdur.

Onu dogma Əsrik Cırdaxan kənd qəbiristanlığında, nənə-babasının yanında torpağa tapşırıblar.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Xəyal Şəkərov ölümündən sonra bir sıra medallarla təltif edilib.

1. “Vətən uğrunda” medalı;
2. “İgidliyə görə” medalı;
3. “Kəlbəcərin azad olunmasına görə” medalı;
4. “Vətən müharibəsi iştirakçısı” medalı.