Vətən torpağının hər qarışını canından əziz bilən, İkinci Qarabağ müharibəsində onun ərazi bütövlüyü uğrunda özünü fəda edib şanlı tarix yazan Balaş İltizam oğlu Fərziyevin adı xalqın dilindən düşmür. Müqəddəs, ulu torpağın qəhrəman oğlu, gözəl arzularla doğma yurduna bağlı, Vətənini sevən, xalqının gələcəyini düşünən bu saf əxlaqlı gənc Tanrının verdiyi ömür payını daha da dəyərli etmək üçün ali təhsil almağın vacibliyini yaxşı başa düşürdü. Kooperasiya Universitetinə də bu səbəbdən daxil olmuşdu. Universiteti uğurla başa vuran Balaşın nəcib xisləti, dərin zəkası, xalqına fayda vermək əzmi, yurd sevgisi, qüruru onu qarşıda gözəl günlərin gözlədiyiinə işarə edirdi. Amma həyatı dərk edəndən ürəyinə yüklənən Qarabağ dərdi Balaşın bütün arzularını yarımçıq qoydu.
Balaş 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Cəbhə bölgəsində Vətənin keşiyində durub, daim nümunəvi xidməti ilə fərqlənib. Ən əsası, Vətənin ləyaqətini hər şeydən üstün tutmaqla, hər an onun yolunda şəhid olmağı özünə şərəf bilib. Elə bu xasiyyətinə görə xidmət etdiyi hərbi hissədə vətənpərvər, mərd, igid əsgəri sevilib. Hərbi xidmətdən qayıtdıqdan sonra Balaş 4 il işləyib. İnsanpərvərliyi, qayğıkeşliyi el-obada ona dərin rəğbət qazandırıb. Bunlarla bərabər ürəyi həmişə erməni dığalarına qarşı intiqam hissi ilə döyünüb, əzəli yurd yerimiz Qarabağ torpaqlarını azad görmək üçün yağıdan qisas almağa hazır olub. 2020-ci ilin "Tovuz döyüşləri" zamanı Balaş könüllü olaraq hərbi komissarlığa gedərək qeydiyyatdan keçib.
2020-ci il 27 sentyabrdan etibarən başlayan Vətən müharibəsində Balaş Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçərək könüllü olaraq Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Hərbi hissədən döyüşə qatılan Balaş yüksək igidlik və şücaət göstərərək düşmənə sarsıdıcı zərbələr endirir, onun xeyli sayda canlı qüvvəsini məhv edib. Ürəyi daim Vətən eşqi ilə döyünən dağlar diyarının qartal balası Füzulinin azadlığı uğrunda onun hər qarışında can qoyub.
29 sentyabr tarixində Füzuli uğrunda gedən ağır döyüşdə minaatan mərmisinin partlaması nəticəsində qəhrəmancasına şəhid olub. Şəhidin nəşi neytral zonada qaldığından 2 gün çıxarmaq mümkün olmayıb. Oktyabr ayının 1-də şəhidin nəşi çıxarılır və Füzuli rayonu Əhmədbəyli xəstəxanasına gətirilib, bir müddət də orada saxlanılıb. Noyabr ayının 6-da DNT analizi ilə kimliyi müəyyən olunur və nəşi səhərisi gün, 7-si doğulub, boya-başa çatdığı Lerik rayonunun Bibiyani kəndinə gətirilib torpağa tapşırılıb.
Balaş Fərziyev canından, qanından artıq sevdiyi Vətəndən oğulluq adını qazana bildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Balaş Fərziyev ölümündən sonra
“Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.