Qarabağ uğrunda qəhrəmancasına döyüşən və şəhidlik zirvəsinə yüksələn igidlərimizdən biri də 23 yaşlı Elşəndir.
Anası Şərafət xanım danışır ki, Elşən çox təmkinli, az danışan biri olub: “Elşənin sanki öz dünyası vardı. Heç kimlə işi olmazdı. Çox tərbiyəli, başıaşağı idi. Dost-tanışı arasında özünə elə bir hörmət qazanmışdı ki... Çoxsunu elə şəhidliyindən sonra tanımışıq. Hamısı da fəxrlə danışır. Necə mərd olduğunu, necə qeyrətli olduğunu anladırlar bizə. İşgüzar idi. Neçə kilometrlərlə yol gedərdi, yorulmazdı. Həm də az danışardı. 5 sual verərdin, birinə ancaq cavab verərdi. Əsgərlikdən suallar verirdik, heç nə danışmazdı. Deyirdi, hərbi sirdir. Dəfninə əsgər yoldaşı gəlmişdi. Xatirələrdindən danışdı. Deyir, xidmət vaxtı hamı ona “ağsaqqal” deyərmiş. Çox təmkinli idi. Hamının hörmətini qazanmışdı”. Anasının sözlərinə görə, Elşənin sinif yoldaşları, müəllimləri xətrini çox istəyib: “Məktəb vaxtı saçı bir az uzun olduğu üçün ona “telli oğlan” deyə müraciət edirdilər. Həssas idi, gözündən heç nə yayınmazdı”, - deyə anası əlavə edib.
Şəhidimiz noyabrın 17-də Oğuz rayon Şəhidlər Xiyabınında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elşən Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elşən Əhmədli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elşən Əhmədli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.