O günlərdə Vətən, millət, xalq yolunda ali məqama yüksələnlərdən biri də çavuş Rüfət Vaqif oğlu Sadıqov oldu. O, 13 noyabr 1995-ci ildə Daşkəsən rayonunun Quşçu kəndində anadan olub. 2013-cü ildə Quşçu kənd Əli İsmayılov adına orta məktəbini bitirib. 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-ci ildə Vətən qarşısında müqəddəs borcunu layiqincə yerinə yetirib. 2016-cı ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi "N" hərbi hissəsində xidmətə başlayıb. Xidmət müddətində dəfələrlə Fəxri fərmanlarla təltif olunub. Daha sonra 2019-cu ildə 9 noyabr Dövlət Bayrağı günü münasibəti ilə nümunəvi hərbi xidmətə, yüksək intizama, döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə Fəxri fərmanla təltif olunub.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Rüfət Sadıqov 2020-ci il oktyabrın 4-də Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olub. Nəşi tapılaraq dekabrın 19-da Daşkəsən rayon Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Rüfət Sadıqov ölümündən sonra
“Vətən müharibəsi iştirakçısı”,
“Cəsur döyüşçü” və
“Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.