2021/05/Scree-1622404067.jpg

line
Adı: Ağayev
Soyadı: Cəlal
Ata adı: Ağaverdi
Doğum tarixi: 04.12.1984
Şəhid olub: 29.09.2020
Rütbəsi: Gizir
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı
“Evlə danışanda bir dəfə də yoruldum, qorxdum, bezdim demədi. Həmişə deyirdi ki, Azərbaycanın hər bir qarışı bizim vətənimizdir, onu da qorumalıyıq, borcumuzdur”.

Şəhid gizir Cəlal Ağayev Lerikin Kornədi kəndində doğulub boya-başa çatıb. Ailənin ilk övlad payı idi. Mərd, vətənpərvər, ailəcanlı olan 36 yaşlı qəhrəmanımız hərb yolunu özü seçib. Həqiqi hərbi xidməti bitirdikdən sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Gizir ixtisas və hazırlıq kurslarını uğurla bitirib.

Ömrünün 17 ilini hərbiyə həsr edən Cəlal, əvvəl 7 il Goranboyda tank komandiri olub, sonra Tərtərə ezam olunub. Bu müddət ərzində 13 fəxri fərman, “Silahlı Qüvvələrimizin 90-95-100 illiyi” yubiley medalları və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib.

Atası Ağaverdi Ağayevin sözlərinə görə, Aprel döyüşlərində böyük şücaətlər göstərib. 4 il sonra isə Cəlal Ağayevin səbirsizliklə gözlədiyi an çatıb - Vətən Müharibəsi başlayıb: “O, Vətən Müharibəsi başlanan ilk gündən birinci olaraq öz tankını düşmən üzərinə sürdürdü. O, tank komandiri deyildi, mexanik vəzifəsində taqım komandirinin müavini idi, buna baxmayaraq, birinci tanka oturdu, hücuma keçdi. Sentyabrın 27-də Ağdərə istiqamətində şücaətləri olub, döyüş yoldaşlarının dediyinə görə, ilk şəhidi də döyüş bölgəsindən çıxaran o olub”.

Cəlal Ağayev müharibənin ilk günündə çiynindən qəlpə yarası alsa da, buna əhəmiyyət verməyib, Vətənə olan sevgisi onu yenidən döyüşə aparıb. Sentyabrın 29-da Ağdərə istiqamətində qeyri-bərabər döyüşdə mühasirəyə düşüb və qəhrəmancasına şəhid olub.


Həyat yoldaşı Gülnarə Ağayevanın sözlərinə görə, şəhidimiz hərbi sirləri heç vaxt evdə danışmazmış. Müharibə başlayanda da Tərtərdə məskunlaşan ailəsini heç yerə göndərməyib. Çünki ailəsinin ona yaxın olmasını istəyib: “Axırıncı danışığı ayın 28-i axşam oldu. Mənə iki dəfə zəng etdi. Ancaq dedi ki, Sadiq qorxur? Dedim, yox, qorxmur, fikir eləməsin. Özüm də tez-tez onu yığmırdım ki, narahat olmasın, işdədir. Fikri uşaqlardaydı, ancaq mənə demədi ki, sən get. Mən ona o sualı verə bilmirdim ki, mən Bakıyamı, rayonamı gedim? Görürdüm ki, pis olur. 29-u şəhid oldu, yaxında olsam da, ona əlim çatmadı. Yarım saatlıq yolu mən özümü ona çatdıra bilmədim. Ağdərə Tərtərə yaxın rayondur. Ancaq mən şəhid olsaydım, Cəlal özünü mənə çatdırardı. Mən çatdıra bilmədim, mənim gücüm bu qədər idi”.

Cəlal şəhid olmamışdan 3 gün əvvəl iki dəfə evə gəlir. Elə ailəsini də sonuncu dəfə onda görür: “Mənə dedi, niyə ağlayırsan? Dedim, heç nə.Oun evə qayıdıb-qayıtmayacağını bilmirdim. Orada bizi qucaqladı. "Özünüzdən muğayat olun, məndən narahat olmayın. Erməni kimdir ki, mən ona qan verim. Onları mən Xankəndiyə qədər qovacağam”,- dedi.

Şəhidin qızı Nazənin Ağayeva isə atası ilə qürur duyur: “O, həmişə deyərdi, mən Xankəndini alacağam, qardaşım Sadiqi oranın polis rəisi edəcəyəm. O, həmişə qardaşımla mənim oxumağımı çox istəyirdi və bizim əlaçı olmağımızı da. Mən onun arzusunu yerinə yetirəcəyəm, oxuyacağam, əlaçı olacağam və onun adına layiq övlad olacağam. Onu çox istəyirəm, həmişə onunla fəxr etmişəm və edəcəyəm!”

Heç şübhəmiz yoxdur ki, Nazənin və Sadiq layiqli övlad olacaqlar və qəhrəman atalarının arzusunu gerçəkləşdirəcəklər.

Qeyd edək ki, şəhid gizir Cəlal Ağayev ölümündən sonra “Vətən uğrunda” “İgidliyə görə” medalları ilə təltif edilib.