Bəhruz Yavər oğlu Hüseynov: 17 yanvar 1994-cü ildə Salyan rayonunun Yolüstü kəndində anadan olub. 2011-ci ildə Yolüstü kənd orta məktəbini bitirib və Azərbaycan Texniki Universitetinə qəbul olunub.
2015-ci ildə universiteti bitirdikdən sonra Bəhruz hərbi xidmətə başlayıb.O, hərbi xidmətdə tank taborunda tuşlayıcı operator olub. 2016-cı ildə Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şücaət göstərib.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində tankçı olaraq ön cəbhə bölgəsinə göndərilib. Füzuli, Cəbrayıl və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 19-da Xocavənd rayonu Düdükçü kəndi üzərindəki yüksəkliklərin azad edilməsi uğrunda gedən döyüşlərdə düşmənin atdığı minaatan mərmisi nəticəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Hüseynov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.