İbrahim Abdulla oğlu İbrahimov 1999-cu il oktyabrın 10-da Bakı şəhərində anadan olub. 2007-2018-ci illərdə Bakı şəhərində 205 saylı tam orta məktəbdə təhsil alıb. 2018-ci ildə Sumqayıt Dövlət Texniki Kollecinə qəbul olub. İbrahim İbrahimov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Ordusunun əsgəri olan İbrahim İbrahimov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə qoşulub. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib. Noyabrın 9-da Şuşa şəhəri yaxınlığında snayper gülləsinə tuş gəlib şəhid olub. Noyabrın 12-də Bakı şəhərində Binəqədi qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim İbrahimov ölümündən sonra "Vətən uğrunda", «Cəsur döyüşçü» medalları ilə təltif edilib.
Şuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim İbrahimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.