2022/03/elvin-6593789052.jpg

line
Adı: İsmayılov
Soyadı: Elvin
Ata adı: Arif
Doğum tarixi: 28.03.2002
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
İsmayilov Elvin Arif oğlu ailəsinin ilk övladı olub. 2002-ci il, martın 28-də Sumqayıt şəhərində dünyaya gəlib. 2008-ci ildə 24 nömrəli tam orta məktənin 1-ci sinfinə gedib. Uşaqlıqdan həmişə atası ilə gəzər, özünü yaşından böyük aparardı. Uşaq vaxtından ən böyük marağı futbol idi. Gəzməyi, deyib-gülməyi çox sevən, həyat dolu bir uşaq idi.

2020-ci ildə əsgərliyə gedən Elvin Beyləqanda hərbi xidmətə başladı. Həmin il Vətən Müharibəmiz başlayanda cəbhəyə yollanıb. Sentyabrın 31-də son dəfə ailəsi ilə danışıb, "özünüzdən muğayat olun" deyib. Oktyabrın 2-də şəhidlik məqamına ucalıb.

Sumqayıt şəhərindəki 24 nömrəli məktəb şəhid Elivin İsmayılovun adını daşıyır.



- O, mənim ağıllı, təmkinli balam idi,- nənəsi Mələk xala danışır,- Valideynlər öz övladlarını tənbeh edəndə, Elvini misal çəkib deyirdilər ki, “Elvin kimi ol”. Nə deyim, nədən danışım?! Vətənin gözü aydın. Hamının xəcalətinə son qoydu şəhidlərimiz. Hamısı biz yaşayaq deyə getdilər, torpaqlarımızı qaytardılar...

Şəhidin dostu Valid Həsənov:
- Oxumağa maddi imkanı olmadığından hələ ali təhsil almaq haqqında düşünmürdü. Ailənin çətinliklərini çəkirdi çiyinlərində, işləyərək, ailəsinə çörəkpulu qazanmağa yardım edirdi. Deyirdi ki, anam da əlildir, babam da... atam da hər vaxt iş tapmır. Qeyrətli və məğrur oğlan idi Elvin. O qədər yaxşı insan idi ki... Az yaşı ilə çoxlarından böyük idi. Çox kitab oxumamışdı, ancaq elə bil ki, bütün kitabları oxuyub başa çıxmışdı.



Şəhidin babası, 82 yaşlı Məhəmməd kişi cavan vaxtı Qafan şəhərində mis mədənində işləyib. Sonra köçüb gəlib Sumqayıta, burada ailə qurub. Poladəritmə, şüşə zavodlarında çalışıb.
- Baxmayaraq ki, şəhidim var, qələbə xəbərini eşidəndə sevincimdən ağladım. Yaxşı, bəs Elvin də getməsin, o biri də getməsin, bu torpaqları kim geri alsın?! Orada şəhid olanların hamısı mənim balalarımdır. Allah onların ruhunu şad eləsin. Ürəyində qeyrəti, təpəri olmayan əsgər gedib o doğma torpaqlara çıxa bilməz. Elvin nəslimizin ilk şəhidi oldu. 5 ay idi əsgər getdiyi. Mənim atam da 1941-1945 müharibəsində həlak olub. O müharibədə nələr görmədik. İndi dövlətimiz şəhidinin də şərəfini uca tutur, şəhidinin ailəsinin də...,- deyir ağsaqqal.



Elvinin özündən 5 yaş kiçik bacısı Nərmin onu belə xatırlayır: “Elvini mən dünyalar qədər istəyirdim. O bizə qardaşdan artıq idi, bizi o qədər gözəl başa düşürdü, hər zaman qayğımıza qalır, bizi qucaqlayır, saçlarımıza sığal çəkirdi. Ondan tez-tez "Qarabağı azad edəcəyik, biz ermənidən güclüyük" kimi kəlmələr eşitmişəm. Qardaşım üçün çox darıxıram, onun səsini eşitmək istəyirəm. Bütün günü şəkillərinə baxıb təsəlli tapıram. Onu cəbhədən evimizə gətirəndə o qədər insan toplaşıb alqışlayırdı ki, çaşıb qalmışdım. İnanmırdım bunlar mənim qardaşıma görədir. Fəxr edirəm!”



“Axırıncı dəfə zəng edəndə dedi ki, “Hazırlıqlara getməyin. İndi atanın pulu yoxdu. Mən gəlib işləyib oxudacam sizi”. Son sözü bu oldu...” Bu sözləri isə şəhidin digər bacısı Sevinc deyir. Yaşlı gözləri hələ də yollarda olan Sevinc, qardaşının ölümünə inana bilmir: "Hər şeyini mənə danışardı. Dost idik. Sevdiyi qız var idi. Bir dəfə də xətrimizə dəyməyib. İstəyirdi ki, hər şeyin yaxşısını etsin bizim üçün. İşləyib pul yığırdı. Anamın ad günündə, ya da hansısa bayramda hədiyyələr alırdı. Bizi sevindirdikcə özü də xoşbəxt olurdu”.