Mustafa Hüseynov 1996-cı il oktyabrın 1-də Tovuz rayonunun Qonaqlı kəndində anadan olub.2003-2014-cü illərdə Qonaqlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Mustafa Hüseynov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Mustafa Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub.
Mustafa Hüseynov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 15.12.2020-ci il tarixində Tovuz rayonunun Qonaqlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılığına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mustafa Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mustafa Hüseynov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.