2021/09/12076-1632172441.jpg

line
Adı: Dövlətzadə
Soyadı: Cəbrayıl
Ata adı: Dövlət
Doğum tarixi: 11.09.2001
Şəhid olub: 28.09.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Azərbaycan Bayrağı» ordeni«Vətən uğrunda» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı
Şanlı tariximizlə yanaşı, adı bütün Azərbaycanın qəlbinə əbədi həkk olunan, cəsarəti ilə əfsanəyə çevrilən, illər keçsə də qəhrəmanlığı unudulmayacaq Vətən müharibəsi şəhidlərimizdən biri də gənc ömrünü bu gün bizlərin rahat, alnıaçıq yaşamağı üçün fəda edən Cəbrayıl Dövlətzadədir.



19 yaşlı Cəbrayıl haqq savaşımızda mənfur düşmənə sözün əsl mənasında dağ çəkdirib. Şəhidimiz ondan artıq müxtəlif rütbəli erməni hərbçisilə təkbaşına, üz-üzə savaşıb, ermənilərin bir generalını və polkovnikini öz əllərilə boğaraq məhv edib. Əsgərimiz o qədər cəsarətliymiş ki, yanındakı ailəli silahdaşlarına “siz qayıdın, ailəniz sizi gözləyir, mən tək döyüşəcəyəm! ”, deyib düşmənin üzərinə şığıyıb. İndi onunla yalnız ailəsi deyil, bütün Azərbaycan fəxr edir...



Cəbrayıl Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıtda doğulub. Əslən zəngilanlı idi. Ailədə bir bacı və iki qardaş olaraq böyüyüblər. Cəbrayıl orta təhsilinə Sumqayıt şəhəri "Təfəkkür" liseyində başlayıb, daha sonra 2 saylı Qubadlı məktəbində oxumağa davam edib. Rəsm çəkib, musiqi bəstələyib, eyni zamanda 9 il cüdo ilə məşğul olub, idman sahəsində mükafatlara layiq görülüb.





Cəbrayıl bir çox fərqli sahədə istedada sahib olub. O hətta yeniyetmə yaşlarında həvəskar rep ifaçısı da olub. Dininə bağlı böyüyüb. Allaha olan sevgisi onu 6 yaşından namaz qılmağa, ibadət etməyə sövq edib. Ramazan ayında oruc tutar, məhərrəmlikdə İmam Huseynin (ə) matəm mərasimlərində iştirak edərdi.





Cəbrayıl hərbi xidmətini Cəlilabadda Sərhəd Qoşunlarının sıralarında çəkib. Hərbidən qayıtdıqdan sonra Xüsusi Təyinatlılara seçilib. Tovuz döyüşlərində general Polad Həşimovun şəhid olması 19 yaşlı əsgəri olduqca məyus edib. Həmin gün verdiyi söz yerdə qalan iki aylıq həyatının devizinə çevrilib: "Polad Həşimovun qisasını alacağam!"...



Şirürəkli gənc ərizə yazaraq xüsusi təyinatlı tabora qatılıb. 44 günlük müharibə başlanan an könüllü olaraq döyüşə atılıb. Murovdağda düşmən mövqelərinin və xüsusi postların ələ keçirilməsi əməliyyatında 11 zabitlə yanaşı 19 yaşlı Cəbrayıl da iştirak edib.



Əslində Cəbrayıl missiyasının astanasında idi. Yalın əllə düşmən generalının, polkovnikin üstünə gedəndə hədəfinə çatdığını yaxşı bilirdi. Onun qarşısındakı rütbəsindən, kimliyindən asılı olmayaraq Polad Həşimovun qatili idi...



Dövlətzadə düşmən postunda 10 müxtəlif rütbəli erməni zabiti ilə üz-üzə qalıb. O, bu hücum zamanı öncə erməni generalını öldürüb. Əlbəyaxa döyüşdə isə düşmən polkovnikini yalın əllərilə boğub.



İşini bitirib, sağ-salamat gülə-gülə geriyə qayıdan vaxt ermənilər onu minomyotla gülləyə tutublar. Ağır yaralanıb, ermənilər əsir götürmək istəyiblər, dostları onu döyüş zonasından çıxarıb, biri də o anda yaralanıb. Minomyot Cəbrayılın ayağının şah damarını parçalayıb.



Cəmi bir gün döyüşən, son aylar ərzində qurduğu bütün planları bir günə, hətta bir neçə saata həyata keçirən Cəbrayıl Dövlətzadə 2020-ci ilin sentyabrın 28—də əməliyyat zamanı çoxlu qan itirdiyi üçün şəhidlik məqamına ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Cəbrayıl Dövlətzadə II Fəxri Xiyabanda general-mayor Polad Həşimovun yanında torpağa tapşırılıb.



Qəhrəman el oğlu dillərə dastan igidliyi, qorxmazlığı, cəsurluğu, xalqı, vətəni yolunda göstərdiyi misilsiz şücaətlərinə görə ölümündən sonra "Vətən uğrunda" , "Kəlbəcərin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.



Cəbrayılın 8 yaşı olanda valideynləri ayrılıb. Balaca oğlan elə o vaxtdan özünü ailənin başçısı kimi aparıb. 12 yaşından ofisiant işləməyə başlayıb. Oğlunun uşaqlığından danışan Məleykə Məmmədzadə balasının hələ iki yaşından yaşıdlarından fərqləndiyini, seçildiyini deyir:

“O qədər xoşxasiyyət, istiqanlı uşaq idi, hər iki övladımdan fərqlənirdi Cəbrayılım. Onunla nəfəs alırdım mən. 9 yaşında atası ilə ayrıldıq biz. Ayrıldıqdan sonra ailənin yükü mənim çiyinlərimə düşdü. Cəbrayıl 12-13 yaşlarından mənimlə birlikdə işləməyə başladı. 13 yaşlı uşaq ofisiant işləyirdi, evə gecə saat 1-də, 2-də gəlirdi”.



Anasının əziyyətinə şərik olan balaca Cəbrayıl demək olar ki, uşaqlıq yaşamayıb. Uşaq yaşlarından bacısının, qardaşının qayğısını çəkib. Anası deyir ki,Cəbrayıl başladığı işi yarımçıq qoymazdı:

“Hər zaman yanımda olub. 8-ci sinifdə velosipeddən yıxılıb qolunu sındırmışdı. Qolu o qədər ağır sınmışdı ki, arxaya dönmüşdü. Mən həyəcanımdan ağladım, o, məni sakitləşdirdi, dedi, "ana, ağlama". Həkimə apardıq, ağrıkəsici vurub qolunu salmaq istədi, dedi, "mənə iynə vurmadan nə edirsiniz edin”".



Məleykə xanımın sözlərinə görə, ailədə kiminsə səhvi olanda Cəbrayılın sanki baxışları danışardı, bir baxışı ilə fikrini ifadə edərdi. Etdiyi yaxşılığı heç vaxt dilinə gətirməz, kiçik ömrünə sığmayan mənəvi ağrılarını belə sakit yaşayardı. Ailəyə bağlı olan 19 yaşlı qəhrəman anası ilə sirdaş olub, hətta kiçik yaşlarında ilk sevgisini də anası ilə bölüşüb. Anası xaraktercə çox qısqanc olan Cəbrayıldan əsgərliyə gedəndə “istədiyin qız varmı?” ,- deyə soruşanda cavabı belə olub: “Ümid verib getməyin adı yoxdur, qayıdım, sonra”...



Məleykə xanım deyir ki, Cəbrayıla İstanbulda iş ortağı olmağı təklif ediblər:

"İstanbulda işləyəndə Cəbrayıl qısa müddət ərzində özünə hörmət qazandı, hamı başına and içirdi. Müdirin etibarını qazanmışdı, seyfin açarına qədər bütün işi ona etibar edirdi. Bəzən günlərlə özü gəlmirdi işə, bilirdi ki, Cəbrayıl oradadırsa, heç bir problem ola bilməz. Dəfələrlə Cəbrayıla ortaq olmağı təklif etmişdi. Bizdə harada idi o imkan, ortaq olmağa. Müdir deyirdi ki, "səndən heç nə lazım deyil, sadəcə, işin başında ol, yetər". Cəbrayıl əsgərliyi bəhanə gətirirdi, çünki mütləq orduda xidmət etmək istəyirdi. Bu gün də Cəbrayılın Türkiyədəki iş yoldaşları əlaqə saxlayırlar. Cəbrayılla bir yerdə işləyən oğlan vardı, Onur. İstanbuldan zəng vurmuşdu, hönkür-hönkür ağlayırdı. Mənə yazırlar, danışırlar. Hamı pis olub, bu xəbər hamını sarsıdıb. İndiki zəmanədə atasız uşaq böyütmək, özü də oğlan uşağı böyütmək çətindir. Cəbrayıl heç vaxt məni çətinə salmayıb. Yaşından tez böyüdü o. Nə vaxt böyüdü, nə vaxt kişi oldu bilmədim ki..."



Ana əsgərlikdə olarkən oğlu ilə bağlı narahatlığını dilə gətirir:

“Ürəyimdə o qədər narahatlıq vardı. Hər dəfə dua edirdim ki, balam sağ-salamat gəlsin. Avqustun 28-də Cəbrayılın yanına getdim. Oğlumun ürəyi istədiyi hər şeyi alıb apardım. Ən çox paytaxt salatını, yarpaq dolmasını sevirdi. Əllərimlə yedizdirdim balamı. O, əsgərliyə gedəndən bizim evdə paytaxt salatı hazırlanmırdı. Uşaqlara da deyirdim ki, "qardaşınız əsgərdir, o yeyə bilmir, siz də səbirli olun, qayıtsın, hamınız birlikdə yeyərsiniz"".



Sevinə-sevinə ailəsinə XTQ-yə seçildiyi xəbərini verib, baxmayaraq ki, anası bunu istəməyib. Elə hey deyərmiş ki, "bura kişilik məktəbidir". Orda da xidməti dövründə adı şərəf lövhəsində olub. Vətən savaşına qatılanda belə ailəsinə deməyib. Öz arzusu ilə savaşa yollanıb. Ailəsi bunu sonradan öyrənib. Məleykə xanım deyir ki, qorxu hissi Cəbrayıla yad olub.



“Cəbrayıl üç silah gəzdirirmiş, qumbaraatan, avtomat və tapança. Bilirdim oğlum qəhrəmandır, qoçaqdır, amma belə ad qazanacağını bilməzdim. Müharibənin ilk günləri olub hadisə. Murov silsiləsi uğrunda döyüşdə. Komandirləri indi də yazırlar ki, bu müharibədə sayseçmə uşaqları itirdik, amma Cəbrayılın yeri başqa idi..."



Ana hələ də oğlunun şəhid olduğuna inanmır:

"Dedilər, müharibə başlayıb. Cəbrayılın təlimdə olduğunu bilirdim. Zəng etdim, dedilər, təlimdədirlər. Amma son vaxtlar elə hey qorxurdum. Elə həmin gün düşündüm ki, bəlkə də Murovdağdadır. Ürəyim sakit deyildi, bilirdim ki, nəsə olub. Sentyabrın 28-də zəng gəldi. Dedilər, "Cəbrayılın anası sizsiniz?" Dedim, "oğlum əsgərlikdədir axı". Dedilər "bilirik". Onda titrədim. Dedilər, "Cəbrayılı gətirirlər, yaralıdır". Hələ də inanmıram, elə bilirəm gələcək”...



Məleykə ana deyir ki, Cəbrayıl barədə ürəyində qalan onun təhsilinə dəstək ola bilməməsidir:

“Çox istəyirdi ki, oxusun. Yanına gedəndə dedim ki, "qayıt gəl, nəyin bahasına olursa-olsun, səni oxutduracağam". Mənə söz verdi ki, qayıdacaq, hər şey yaxşı olacaq. Döyüş yoldaşları deyir ki, ən ağır döyüşlərdə olub. Vətən sevgisi onu gözüqara etmişdi. Heç nədən qorxmurdu. Yoldaşları deyir ki, əliyalın döyüşlərdə erməni generalını boğaraq öldürüb. 19 yaşlı bir qəhrəmanın bu şücaətindən bütün xalq danışır. Cəbrayıl tək mənim yox, artıq bütün Azərbaycan xalqının oğludur. Mən onun məzarına gəlib, soyuq daşından dərin baxışlarına baxa bilmirəm. Əzab çəkirəm. Elə bilirəm ki, yenə o məlhəm olan gülüşləri ilə üstümə qaçacaq”...



Şəhidin anası deyir ki, Cəbrayıl tez-tez onun yuxusuna gələrək hər şeyin yaxşı olacağını deyir. Anasına “ev alacağam, birlikdə xoşbəxt günlərimiz olacaq” deyən Cəbrayıl bu mənada sözünü tutdu. Şəhidlik zirvəsinə ucaldığı üçün onun ailəsinə ev verildi, amma Cəbrayıl o evdə ailəsinə vəd etdiyi xoşbəxt günləri yaşada bilmədi...



İndi şəhid anasının oğlu ilə bağlı təkcə bir istəyi var:

"Mən bir şeyi istərdim ki, 19 yaşlı bir uşağın Vətən sevgisi, düşmənin gözünə baxaraq onu əlləri ilə boğmasını unutmasınlar. Bu, hər oğulun edə biləcəyi iş deyil. Bütün şəhidlərimiz mənim balalarımdı. Biz şəhid analarının yarası birdir, məlhəmi də birdir. Tək istəyimiz onların unudulmaması, xatirəsinin əbədi yaşadılmasıdır. İstəyirəm ki, Cəbrayıla da Milli Qəhrəman adı versinlər".



Cəbrayıl nənəsi Əminə xanımın sevimli nəvəsi olub, nənə qayğısı ilə böyüyüb. Cəbrayıldan əvvəl Əminə ana iki oğul övladını itirib, deyir ki, onların iyini də Cəbrayıldan alırmış. Zəhmətə kiçik yaşlarından alışan Cəbrayıl gecələr evə gec gəldiyindən, nənəsi yolunu gözləyirmiş. Elə indi də hər gecə eyni saatda durub qapını açır... Elə bilir nəvəsi gəlib qapıda qalacaq.

"Balam deyirdi ki, "Nənə, əsgər gedib Zəngilanı alacağam, sən də mənə elə öz kəndimizdən bir zəngilanlı qız alarsan"...



"Cəbrayılı əsgərliyə yola salanda Quranın altından keçirdim. Dedim, "Allaha əmanət ol". Onu əmanət verdim. İndi o, Allaha daha yaxındır. Bilirəm, harada olsa balamı Allah öz əmanətində saxlayacaq. Çünki şəhid olmaq hər insana qismət deyil. Bu həyatda hər şeyi qazanmaq olar, pulu da, vəzifəni də, amma şəhidlik hamıya qismət olmaz”, nənə kövrəlir.



Evin sonbeşiyi olan Sahib Dövlətzadə qardaşıyla qürur duyduğunu deyir:

“Mən dünyada ən çox qardaşımı istəyirəm. Əsgərliyə gedəndə orda olduğu müddətdə “çip” kimi bir şey hazırlayıb mənə göndərmişdi. Demişdi ki, "məndən sənə yadigar qalsın"... Cəbrayıl kimi bir igidin qardaşı olduğum üçün fəxr edirəm”.



"Hələ də elə bilirəm, ayın 28-dir..." , - şəhidimizin atası Dövlət bəy söhbətinə ürəkdağlayan sözlərlə başlayır. "Cəbrayıl gəldi, böyümədən getdi..." deyir şəhid atası.



"Hər uşaq bir fitri istedadla doğulur. Məncə, Cəbrayılın fitri istedadı həddən artıq mərd olması idi. Əsl kişi xüsusiyyətləri vardı canında. Atam sovet hakimiyyəti dövründə boks üzrə çempion idi. Cəbrayılın belə döyüşkən olmasında babasının böyük rolu var. Elə uşaqlıqdan özündən zəifləri qorumağa can atırdı. Döyüşkən uşaq idi. Onların əvəzinə gedib döyülsə belə, sonadək haqqın yanında olurdu. Bəzən üz-gözü göyərmiş evə qayıdırdı. Səbəbini soruşanda deyirdi, "Dostumu qoruyanda olub, narahat olmayın". Yarışlara gedəndə, nənəsi dönər hazırlayıb, çantasına qoyardı. Deyirdi, "Nənə, birini də hazırla, bəlkə uşaqlar da istəyər".
.


"28 sentyabrda cənazəsini gətirən əsgər yoldaşlarından biri dedi ki, döyüş bölgəsinə öz istəyi ilə yollanmışdı. Hələ də elə bilirəm, ayın 28-dir. İndi tabutunu gətirəcəklər. Hələ də özümdə deyiləm. Qəribədir, elə həmin gün tezdən namaz üstəydim. Düşündüm, birdən Cəbrayıl şəhid olsa, necə qəbul edəcəyəm? Hər yolla əlaqə saxlamağa çalışdım. Səsini eşitmək istəyirdim, amma danışa bilmədik..."


Şəhid atası sözlərinə davam edir:

"Cəbrayıl düşünərək seçdi bu məqamı. Hətta döyüşə gedəndə, zabitləri geri qaytarıb ki, ailəniz var, gəlməyin. Yəni o anda şəhid olacağını bilirdi və yolundan dönmədi. Amma 19 yaş valideyn üçün övladının körpəliyidir. Bəzən deyirlər, Cəbrayıl haqda danış. Mən oğlum haqda nə danışa bilərəm? Ancaq uşaqlıq xatirələri, uşaqlıq illərini yada sala bilərəm. Hansı ömür yolundan danışım? Cəbrayıl gəldi, böyümədən getdi..."



Dövlət bəy əsgərlərimizə müraciətində bu fikirləri səsləndirir:

"Allah cəbhədəki bütün oğullarımızı qorusun. Mən Azərbaycan əsgərinə Cəbrayılın atası kimi müracət edirəm. Cəbrayılın şəhid olması o demək deyil ki, bütün əsgərlərimiz şəhid olmalıdır. Qoy, ölümə can atmasınlar. Vətən üçün ölmək yox, qəhrəman kimi döyüşüb, evə dönmək lazımdır. Ordumuza ancaq can sağlığı, qüvvət arzulayıram ki, qəhrəman kimi valideynlərinin yanına gəlsinlər. Canlı qəhrəmanlarımız çox olsun. Şəhid də ölmür. Sadəcə məqamı ora qədərmiş. Allah Vətənimizi qorusun!"



Corat qəsəbəsində Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Cəbrayıl Dövlətzadənin barelyefi qurulub. Açılış mərasimində şəhidin yaxınları, qəsəbə ictimaiyyəti, hərbçilər iştirak ediblər.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərəfindən Sumqayıt şəhərində şəhid Cəbrayıl Dövlətzadənin ailəsinə yeni tikilmiş çoxmənzilli yaşayış binasında 3 otaqlı mənzil hədiyyə edilib.







Yazıçı Azad Qaradərəli 44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından olan 19 yaşlı şəhid Cəbrayıl Dövlətzadənin qısa ömür və döyüş yolundan bəhs edən “Cəbrayıl əfsanəsi” adlı roman yazıb. Əsər proloq, epiloq və 19 fəsildən ibarətdir. Hər fəsil igid ömrünün bir ilinə ithaf olunub. Yazıçı Azad Qaradərəli əsərdə qədim Zəngəzurun tanınmış şəxsiyyətlərindən olan Qaçaq Fərzalı, Sultan bəy və Bəhlul əfəndinin də obrazlarını yaratmış, onların səsini Cəbrayılın və Vətən Müharibəsi qəhrəmanlarının səsinə qatmışdır. Romandan bir hissəsi təqdim edirik:

"Mən birinci Mübarizdən təsirlənmişəm... On yaşım vardı. Məktəbdə müəllim inşa yazmağı tapşırmışdı. Yazdıqlarım indiki kimi yadımdadır. Uşaqlar pafoslu cümlələr yazmışdı. Amma mən ürəyimnən keçənləri qələmə almışdım. İnşanı oxuyanda hətta uşaqlar güldülər mənə. Bu vecimə də deyildi. Axı mən öz düşüncələrimi yazmışdım... Təxminən belə idi inşam:

“Mübariz mənim sevimli qəhrəmanımdır. Onun etdiklərini indiyəcən heç kim bacarmayıb. Özündən sayca qat-qat çox düşmənlə vuruşmaqdan çəkinməyib. Bu qeyri-bərabər döyüşdə o, şəhid olub, amma adını ürəklərə yazıb. Mənim ürəyimdə də Mübarizin yeri var. Onun adı bizim könlümüzdə əbədi yaşayacaqdır.

Mən Mübariz İbrahimovun qəhrəmanlığını eşidəndə istədim ki, evdən qaçıb gedəm döyüş bölgəsinə. Bu barədə özümdən yaşca böyük bir dostuma danışanda güldü mənə. Dedi ki, "tutaq ki, getdin, bu boy-buxunla, bu cüssəylə orda nə edəcəksən? Gözlə, böyü, idmanla məşğul ol, güclən və onnan sonra gedərsən. Ən azı on erməni əsgəri öldürsən, getməyə dəyər... İndi heç nə edə bilməzsən... Böyü, sonra baxarıq... Bəlkə, mən də səninlə getdim".






































Vətən müharibəsinin birinci ildönümü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq əmrinə əsasən, general-mayor Polad Həşimovun qisasını alan əsgər kimi Vətən müharibəsi tarixinə imzasını atmış Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.