2001-ci ildə Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2012-ci ildə Bakı şəhərindəki 36 nömrəli tam orta məktəbi bitirib. 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb, Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında xidmət edib.
2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılıb.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. O, Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşub, Murov zirvəsinin işğaldan azad edilməsində yaxından iştirak edib.
1 oktyabr 2020-ci il tarixində yaralı yoldaşını döyüş bölgəsindən çıxarmaq istəyərkən şəhidlik zirvəsinə yüksəlib. Uzun müddət nəşi tapılamayıb. 18.12.2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Vəliyev Oruc Ramiz oğlu ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.
memorial.az