Tural Firəddin oğlu Qubatov 4 iyul 1998-ci ildə Füzuli rayonu Böyük Bəhmənli kəndində anadan olub.
1998-ci il iyulun 4-də Füzuli rayonun Böyük Bəhmənli kəndində döyüşçü ailəsində dünyaya gələn Tural uşaq yaşlarından hərbçi olmağı arzulayırdı. Atasının yolunu davam etdirmək arzusu ilə yaşayan Tural həqiqi hərbi xidməti başa vurduqdan sonra ordu sıralarında qalmağı qərara aldı.
Şəhid atası deyir ki, oğlu müddətdən artıq hərbi xidmətçi kimi həmlə taborunda ön cəbhədə döyüşürdü. Alxanlı istiqamətindən başlayan əks-hücum zamanı pulemyotçu olaraq düşmənə qarşı mərdliklə vuruşub. O və hərbçi yoldaşları 30 illik erməni səddinin yarılmasında şücaət göstəriblər. Daha sonra Tural və döyüşçü yoldaşları Cəbrayıl istiqamətində düşmənə qarşı mərdliklə vuruşublar. Sentyabrın 28-də Gərgin döyüşlərdən birində Tural qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb.
Şəhidin bibisi Füruzət Qubatova onun barəsində qürurla danışaraq deyir: “Tural hələ uşaq yaşlarından seçilən bir oğul idi. Mərdliyi, qorxmazlığı ilə yaşıdlarından fərqlənirdi. Cəbhə bölgəsinə yaxın yaşadığımız üçün hər zaman deyərdi ki, biz o torpaqları azad edəcəyik, düşməni doğma torpaqlarımızdan çıxaracağıq. Canını da Vətən uğrunda fəda etdi”.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qubatov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qubatov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qubatov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qubatov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.