2021/01/downl-1610954379.jpg

line
Adı: Abdurahmanov
Soyadı: Elvin
Ata adı: Əbülfəz
Doğum tarixi: 01.10.1996
Şəhid olub: 02.10.2020
Rütbəsi: Gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Cəbrayılın azad olunmasına görə» medalı
Elvin Əbülfəz oğlu Abdurahmanov 1996-cı il oktyabrın 1-də Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. Milliyyətcə ləzgi idi. 2003-2014-cü illərdə Əmirvan kənd tam orta məktəbində təhsil alıb.



“Elvinin uşaqlıqdan hərbiyə marağı vardı, idmanla məşğul olurdu Qardaşımın biri hərbçi olduğu üçün o da hərbiyə həvəs göstərirdi. Elvin 3 oğlumun ortancılıdır. Ondan böyük və balaca qardaşları yüksək bal toplayıb ali məktəbə daxil olsa da, Elvin oxumurdu. Özünü ancaq hərbidə görmək istəyirdi”,- şəhid atası Əbülfəz Abdurahmanov deyir.



24 yaşlı şəhid gizir Elvinin ölümündən əvvəl çəkdiyi video sosial şəbəkələrdə geniş yayılıb.



Elvin Abdurahmanov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Kəngərli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.



“Oğlum orta məktəbi bitirəndən sonra Sərhəd Qoşunları Akademiyasına sənəd verdi, lakin qəbul ola bilmədi. Naxçıvanda kəşfiyyat qrupunda əsgərlikdə olub. Əsgərlikdən gəldikdən sonra bir-iki ay başqa sahədə çalışdı. Sonra hərbçi olmaq istədiyini dedi. Sənədlərini verdi, əvvəl 6 ay Təlim Tədris Mərkəzində gizirlik kursu keçdi, sonra Qusara təyinat aldı. Bir-iki ay da orada xidmət etdi. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrə keçdi. 2 il idi ki, orada xidmət edirdi. İldə 1-2 dəfə məzuniyyət veriləndə evə gəlirdi”.



Əbülfəz Abdurahmanov deyir ki, Elvin həmişə ruh yüksəkliyi ilə torpaqların tezliklə azad olunacağına inanırdı: “Məzuniyyət vaxtı evə gələndə həmişə anasından, nənəsindən uzaq gəzirdi. Səbəbini soruşanda deyirdi ki, onsuzluğa öyrəşsinlər. Əks hücum əməliyyatları başlayan gün - sentyabrın 27-i səhər tezdən zəng etdi. Mən də heyvana ot verirdim. 8-in yarısı zəng gəldi. Dedi ki, “ata, Bismillah eləmişik, müharibə başladı. Xeyir dua ver, hər şey yaxşı olacaq”. Ondan sonra sentyabrın 29-da zəng etdi, onunla saat 12-nin yarısı danışdıq. Anasına deyirdi ki, “birdən məndən ötrü ağlayarsan, ağlama”.



Azərbaycan Ordusunun giziri Elvin Abdurahmanov Vətən müharibəsi dövründə Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub.



Digər xidmət yoldaşları kimi Elvin də Vətəni düşmən tapdağından azad etmək üçün döyüş meydanında şücaət göstərib: "Oktyabrın 1-i onun ad günü idi. Səhərdən axşama qədər zəng etdim, amma danışa bilmədim. Oktyabrın 2-də şəhid xəbəri gəldi. Hərbçi yoldaşlarının dediyinə görə, mühüm tapşırığı yerinə yetirərkən Elvin və bir neçə hərbçi yaralanıb. Onlar verilən tapşırığı yerinə yetirib, xeyli erməni əsgərini məhv edib, onların postunu da ələ keçiriblər",- şəhid atası bildirir.



"Elvin yaralı halda döyüş meydanında qalıb, arxadan kömək gələndə artıq onun şəhid olduğunu görüblər. Elvin öz videosunu çəkəndə yeni ərazini azad etmişdilər. Səhərisi gün başqa yüksəklik uğrunda döyüşlərdə şəhid olub”.



Elvin Abdurahmanov ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.