Vətən Müharibəsində qəhrəmanlıq göstərən hərbçilərimizdən bir də Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri Elnur Fəxrəddin oğlu Ağaəhmədovdur. Elnur Ağaəhmədov 1998-ci ildə Xızı rayonunun Sitalçay kəndində anadan olub.
Hərbçi ailəsində dünyaya göz açan Elnur elə uşaqlıqdan vətənpərvər ruhda böyüyüb. Atası Fəxrəddin Ağaəhmədovun sözlərinə görə, Elnur daim hərbçi olmaq istəyib, həvəslə əsgərliyə yollanıb. Xidmətini bitirdikdən sonra isə hərbçi olmağa qərar verib: “Mən özüm hərbçi olmuşam, Silahlı Qüvvələr veteranıyam. Xidmətim çox olub. Böyük oğlum da hərbçidir. Elnur vətənə çox bağlı oğul idi. Özü seçdi hərbini. Xüsusi təyinatlılarda kiçik gizir kimi xidmət edirdi. Ətrafı ilə mehriban münasibəti var idi”.
Anası Zərifə xanımın sözlərinə görə, Elnurun əbədi arzusu işğal altında olan torpaqların düşmən tapdağından azad olunması uğrunda döyüşlərdə iştirak etmək olub. Arzulayıb və məqsədinə də çatıb. Qismətinə Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək düşüb. Burada hərb sənətinə daha çox yiyələnən Elnur vətəni qorumağı bütün həyatının amalına çevirib. Firəngiz xanım şəhid oğlunu xatırlayır: "Dedi, "ana, mən əgər dünyaya bir oğul olaraq gəlmişəmsə bu yükün altına girəcəyəm. Bu yükü çəkməyə də hazıram". Eləcə də əsgərliyə getdi. 9 ayın əsgəri idi. 9 aydan sonra gəldi. Beş aya yaxın kurs keçdi. Elnurum, balaca Elnurum, tezliklə böyüyən Elnurum kurs keçdi. Ondan sonra o ağır yükü daşımağa hazır oldu”...
Əmisi Siracəddin Ağaəhmədovun dediyinə görə, Vətən Müharibəsinin ilk günündən döyüşlərə qatılan Elnur Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının, Hadrut qəsəbəsinin işğaldan azad olunmasında böyük şücaət göstərib, döyüş yoldaşları ilə birgə düşmənə amansız zərbələr vurub. Qorxu bilməyən Elnur daim irəliyə doğru addımlayıb, yağıya göz açmağa imkan verməyib. Vətən Müharibəsinin başlamasından bir ay sonra - oktyabrın 26-da Qırmızı Bazar ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb: “Vətənə bağlı idi. Axırıncı dəfə onunla danışanda döyüş bölgəsindəydi. Dedim ki, mən də gəlirəm ora. Gedib yazdırıram. Dedi, "əmi, gəlmə. Biz burdayıq, hələ ehtiyac yoxdur. Biz özümüz düşmənə qan uddururuq". Qoymadı məni adımı yazdırmağa”...
Gizirin qohumu Rəhman Ağayev Elnurun canından artıq sevdiyi vətəni uğrunda şəhid olması ilə qürur duyur: “Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onlar 30 illik işğala son qoyub tarix yazdılar. Mən fəxr edirəm ki, onların arasında mənim qəhrəman əmimoğlu da var. Hər bir insan hərbçi ola bilər, hər bir insan o formanı əyninə geyə bilər. Şəhidliksə elə bir uca zirvədir ki, hər insana qismət olmur. Düzdür, gedirsən, 3-4 dəfə yaralanırsan, amma hər insana qismət olmur... "
Şəhid gizir Elnur Ağaəhmədov doğulduğu Sitalçay kəndində dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Elnur ölümündən sonra “İgidliyə görə” , “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə" , “Kəlbəcərin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.