Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Maarif Əliyevdir.
Maarif Təbriz oğlu Əliyev 1994-cü il sentyabrın 9-da Neftçala şəhərində anadan olub.
Maarif Əliyev 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Maarif Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl və Xocavənd rayonunun Ağoğlan qəsəbəsi, Aygestan, Vəng, Tak, Tuğ, Mamedzor, Ataqut, Temrakuç kəndlərinin və Şuşa şəhərinin işğaldan azad olunmasında xüsusi rəşadət, şücaət və qorxmazlıq nümayiş etdirmişdir. Maarif Əliyev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Neftçala şəhərində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Maarif Əliyev ölümündən sonra bir sıra medallarla təltif edilib.
1.“3-cü dərəcəli Vətənə Xidmətə görə” ordeni;
2.“Vətən uğrunda” medalı;
3.“Cəbrayılın azad olunmasına görə” medalı;
4.“Kəlbəcərin azad olunmasına görə” medalı;
5.“Şuşanın azad olunmasına görə” medalı;
6.“Vətən müharibəsi iştirakçısı” medalı.