Zülfüqar Abbasov 1995-ci il dekabrın 24-də Gədəbəy şəhərində anadan olub. Valideynləri ilə birlikdə Tovuzun Qovlar qəsəbəsində yaşayırdı. Vətən müharibəsi başladıqdan sonra könüllü ərizə yazaraq, Gədəbəy hərbi komissarlığından döyüşə yollanıb.
Xocavənd uğrunda gedən döyüşlər onun sonuncu döyüşü olub. Zülfüqar Xocavənd rayonunun işğaldan azad olunan ərazilərinin birinə bayraq sancarkən mənfur düşmənin gülləsinə tuş gələrək həlak olub.
Döyüşlərdə olarkən Zülfüqarın övladı dünyaya gəlib. Təəssüflər olsun ki, Zülfiqar öz övladını görmədən şəhid oldu. Ailəsi son dəfə onunla noyabrın 9-da əlaqə saxlayıb və Zülfüqar hər şeyin yaxşı olduğunu deyib.
Şəhidin qardaşı Elmar bəyin dediyinə görə, son telefon danışığı zamanı Zülfüqar “Vətən uğrunda şəhid olacam” deyirdi.
Komandiri övladı olduğuna görə Zülfüqara hər dəfə ehtiyatlı davranmasını deyirmiş. Amma Zülfüqar oğlunun bu torpaqlarda daha rahat yaşamağıı üçün canını fəda etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Zülfüqar Abbasov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Hərbi xidmətlərinə görə" medalları ilə təltif edilib.