Məmmədov Fikrət Sulduz 1982-ci il yanvarın 20-də Füzuli rayonunun Kürdmahmudlu kəndində anadan olub. Ailəli idi. 2 oğlu yadigar qaldı.
M. Fikrət tankçı idi. Qeyd edək ki, Fikrət 2016-cı ildə Lələtəpə uğrunda döyüşlərin də iştirakçısı olub. Bu il 27 sentyabrdan Qarabağın azadlığı uğrunda başlayan döyüşlərə qatılan Fikrət, Füzuli və Cəbrayıl istiqamətindəki hərbi əməliyyatlarda tankı ilə öndə gedərək erməni ordusunun müqavimətini yarıb. Cənub istiqamətində gedən döyüşlərdə onun tankı düşmən tərəfindən vurulub.Sentyabrın 28-də Fikrət şəhidlik zirvəsinə ucalaraq müharibənin ilk şəhidləri sırasına daxil olub.
Fikrətin döyüş yolu ilə bağlı şəhidin bacısı müsahibə verib.
Onun sözlərinə görə, Fikrət sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarında ön cəbhədə düşmənlə üz-üzə qorxmadan vuruşub.
“Onunla döyüş bölgəsində çiyin-çiyinə vuruşan Paşa və Muradla birgə düşmənin müqavimətini birinci olaraq yarıb. 30 ildən sonra torpağa ilk dəfə onlar addım atıb. Onlar üç qardaş kimi fərqləniblər və ermənilərin mövqelərini darmadağın ediblər. 1982-ci il təvəllüdlü Murad bacarıqlı tankçı idi. Onlar üçü birgə savaşaraq şəhid olublar”.
Bacısı deyir ki, hələ o vaxt Lələtəpə döyüşlərində ermənilərə sitəm etmişdi: “Ermənilər onun başına pul qoymuşdu. Döyüşlər barədə evdə danışmazdı. Amma bir dəfə çox sual verəndə Lələtəpədəki döyüş haqda dedi ki, Xocalının qisasını alıb”.
Onun sözlərinə görə, qardaşının hərbidəki fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib: “Döyüşlərdə göstərdiyi şücaətə görə səkkiz medal alıb, fəxri təltifləri, fərmanları var. Müdafiə nazirinin yanında tankla sınaqdan keçib, yüksək nəticə göstərib”.
"Oğullarına həmişə deyirdi ki, qocalanda oğullarımın çiynində gedəcəm o dünyaya. İndi isə oğlu deyir, “Ata gücüm şəkili götürməyə çatdı, çox tez getdin ata”, Fikrətin bacısı danışır.
Qeyd edək ki, Fikrət Məmmədovun ölümündən sonra iki oğlu yadigar qaldı. Məmmədli Yusif Fikrət oğlu 22 mart 2012-ci ildə anadan olub. 3-cü sinif şagirdidir. Məmmədli İbrahim Fikrət oğlu 26 yanvar 2014-cü ildə anadan olub. 1-ci sinifdə oxuyur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Fikrət Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən Fikrət Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamına əsasən Fikrət Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Bir övlad üçün ata itkisi həddindən artıq ağırdır, ancaq Fikrət bundan sonra hər bir azərbaycanlının doğmasına çevriləcək. Vətən uğrunda şəhid olanların taleyinə millətin ən böyük sevgisini qazanmaq yazılıb. Başını dik tut şəhid övladı, necə ki, atan Fikrət başımızı dik tuta bilməyimiz üçün vuruşdu. Torpaq, uğrunda ölən varsa, Vətəndir! Allah bütün şəhidlərimizə rəhmət eləsin!