Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Azərbaycan Ordusunun əsgəri olan Hüseyn Quliyevdir.
Quliyev Hüseyn Həbib oğlu 2002-ci il iyunun 26-da Tovuz rayonu, Quşçu kəndində anadan olub.
O, 2008-ci ildə Abşeron rayon Xırdalan şəhər 5 nömrəli məktəbinə gedib və cəmi üç il təhsil ala bilib. Təhsili kimi ömrü də yarımçıq qaldı 18 yaşlı gəncimizin.
Hüseyn 2020-ci il iyulun 1-də hərbi xidmətə yollanıb.
Əsgəri Hüseyn Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. O, oktyabrın 24-də Füzuli rayonu ərazisində hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə ucaldı.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Hüseyn Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.