Əsədov Ruslan Rövşən oğlu 2002-ci il martın 7-də Samux rayonunun İnstitut qəsəbəsində anadan olub. 2008-2019-cu illərdə Samux rayonunda İnstitut qəsəbə tam orta məktəbində təhsil alıb.
2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb.
Azərbaycan Ordusunun əsgəri olan Ruslan Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Əsədov oktyabrın 29-də Füzuli döyüşləri zamanı şəhid olub. Samux rayonunda dəfn olunub.
Atası Rövşən Əsədov deyir ki, daima vətəninə bağlı olub. Ən böyük istəklərindən biri də xüsusi təyinatlı qüvvələrdə xidmət etmək olub. Bacısı Leyla Əsədova isə qardaşının xatirələri ilə yaşayır.
Əsədovlar ailəsində hər zaman orduya böyük maraq olub. Bu maraq Ruslanı daha da hərbiyə ruhlandırıb, orduya olan sevgisini artırıb. Hərbi sahəyə olan həvəs Ruslanı idmana bağlayır. Hələ uşaq yaşlarından karate ilə məşğul olur. Bir çox uğurlar qazanır, nüfuzlu yarışların qalibi olur. İndi Əsədovlar ailəsində bir şəhid adı var. Hansı ki, bu adla bütün Azərbaycan fəxr edir.
Ailənin tək təsəllisi isə Vətən müharibəsində qazanılan qələbə, torpaqlarımızın azad olunmasıdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərancamına əsasən ölümündən sonra “Vətən uğrunda”,“Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.