Vətən uğrunda qan tökmək hər kişiyə nəsib olmaz. 30 il idi ki, işğal altında qalmış torpaqlarımızın azad edilməsi uğrunda qalibiyyətli Vətən müharibəsində döyüş meydanında can verən gənc qəhrəmanlarımızdan biri də Allahverdi Novruzovdur.
Allahverdi Bəhram oğlu Novruzov 1994-cü ildə Salyan şəhərində anadan olub. Atası Bəhram kişi ustadır, anası Məlahət xanım evdar qadın. Ailədə bir bacı, bir qardaşdırlar. Sadə və zəhmətkeş bir ailədirlər. Allahverdi ibtidai təhsilini yaşadıqları "Plastik” yaşayış massivində yerləşən 9 illlik (həmin vaxt 9-illik, hazırda 11 illik) məktəbdə başa vurduqdan sonra, orta təhsilini 2011-ci ildə Salyan şəhər 2 saylı orta məktəbdə alıb. Həmin ildə də Dənizçilik Akademiyasına qəbul olunub. O, 2017-2018-ci illərdə cəbhə bölgəsinin təmas xəttində, Xocavənddə hərbi xidmət edib. Hərbi xidmət zamanı kəşfiyyatçı bacarığına yiyələnib. Hərbi xidmətini başa vurduqdan sonra işə düzəlmişdi. "Etalon security” MMC özəl mühafizə agentliyinin ARDNIŞ-in "Nərimanovneft” NQÇİ-dəki xidmət qurumunda mühafizəçi işləyirdi. Özünün səmimiliyi ilə iş yerində təmasda olduğu bütün insanların dərin hörmətini qazanmışdı. Məhz mehribanlığına və mərdliyinə görə Allahverdi Salyan rayonunda yaşıdları arasında ən hörmətli gənclərdən biri idi.
Allahverdi bu ilin sentyabrında səfərbərlik elan olunarkən, ayın 21-də yenidən könüllü şəkildə orduya qayıdıb. Elə ilk gündən hərbi təlimlərdə iştirak edib. O, müharibə başlayan ilk gündən Füzuli uğrunda gedən döyüşlərin önündə olub. Lakin, xain düşmənin atdığı mərmi yaxınlığına düşdüyündən şəhid olub.
Şəhidin anası Məlahət xanım öz müsahibəsində deyir: "Allahverdi hələ uşaqlıqdan o qədər səliqəli idi ki... Mənim balam əsl kişi idi. Başqasının qız-gəlininə qarşı bilsəniz necə təəssübkeş, qeyrətli idi? Mənə çətindir, çox çətin... amma yeganə təsəllim odur ki, Allahverdi kimi gənclərin qanı bahasına işğal altında olan torpaqlarımız azad edildi, millətimizin namus ləkəsi silindi... Ən böyük arzum isə ibtidai təhsil aldığı, yaşadığımız "Plastik” massivində yerləşən 9 saylı adsız orta məktəbə Allahverdinin adına verilməsidir”.
Ölümündən sonra Şəhid Allahverdi Novruzov Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda",Fizulinin azad olunmasına görə", “İgidliyə görə” medalları ilə təltif edilib.