2021/05/image-1622029422.jpg

line
Adı: Salmanzadə
Soyadı: Pərvin
Ata adı: Təbriz
Doğum tarixi: 17.09.1991
Şəhid olub: 05.11.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı
Pərvin Təbriz oğlu Salmanzadə 17 sentyabr 1991-ci ildə Astara rayonunun Pensər kəndində anadan olub. 3 bacı və 1 qardaş olmaqla ailədə 6 nəfər olublar.

1997-ci ildə Astara rayon Mirzə Fətəli Axundov adına Pensər kənd 1 saylı tam orta məktəbin birinci sinifinə daxil olmuş və 2008-ci ildə həmin məktəbin 11-ci sinifini başa vurmuşdur. Orta təhsilini başa vurduqdan sonra 2009-cu ildə Astara rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və Vətənə xidmətə yola salınır. 2011-ci ildə hərbi xidməti başa vurduqdan sonra evinə qayıdan Pərvin ailəsinə kömək etmək məqsədi ilə bir müddət "Azpetrol LTD" MMC-də TXNİ inspektoru vəzifəsində işləmiş və daha sonra fəhləliklə məşğul olmuşdur. Daha sonra Pərvin 2020-ci ildə sənədlərini təqdim edib orduda MAXE kimi xidmət etməyə başlamışdır.

27 sentyabr 2020-ci il tarixdə başlanan, Vətən müharibəsi adlandırdığımız 2-ci Qarabağ müharibəsində iştirak etmiş və Ağdərə, Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmanlıq və igidlik göstərmiş, düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmişdir. Hər gün cəbhədən ailəsinə, dostlarına, uşaqlarına zəng edərdi. Onları ruhlandırar, zarafatlarından da geri qalmazdı. Maraqlıdır ki, bütün tanışları bir ağızdan onun çox zarafatcıl olduğunu deyir. Hətta ilk dəfə cəbhəyə yollanacağını eşidən dostları ona inanmayıb.

Amma inanmalı olublar, çünki Pərvinin sorağı Şuşadan gəlməyə başlayıb. İştirak edəcəyi son Şuşa əməliyyatına yollanmazdan öncə isə anasına zəng edib və ondan halallıq istəyib, üç uşağının anasına əmanət olduğunu söyləyib, sanki anasıyla həmişəlik sağollaşırmış.

Döyüşdə böyük şücaət göstərən qəhrəman çavuş Salmanzadə Pərvin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə 06 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə əsgər yoldaşlarının yaralı olduğunu görən Pərvin arxaya baxmadan onların imdadına qaçıb. Komandiri xilas edərkən isə özü qəhrəmancasına şəhid olub. Şəhidimizin nəşi noyabrın 6-da doğulduğu Astara rayonunun Pensər kəndinə gətirilib və Seyid Cəmaləddin Türbəsində torpağa tapşırılıb. İki dəfə ailə həyatı quran Pərvin Salmanzadə birinci ailəsindən 3, ikinci ailəsindən isə 2 övladını xalqımıza əmanət qoyub.