2021/05/Scree-1622036106.jpg

line
Adı: Səfərov
Soyadı: Coşqun
Ata adı: Əhməd
Doğum tarixi: 02.05.1997
Şəhid olub: 28.09.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı
Coşqun Əhməd oğlu Səfərov 1997-ci ildə Salyan rayonunda anadan olub. Atası Əhməd neftçidir, “Neft Daşları”nda işləyir. Anası Könül Səfərova Salyan Rayon Mərkəzi Xəstəxanasında tibb bacısıdır. Ailədə 2 qardaşdırlar. Özündən yaşca böyük olan 26 yaşlı qardaşı Səbuhu ali təhsilli jurnalistdir.

Coşqun Əhmədov 2014-cü ildə Salyan şəhər 2 saylı orta məktəbini bitirib. Uşaqlıqdan musiqiyə böyük həvəsi olduğundan orta məktəbdə oxuyarkən həm də Salyan şəhər Qulu Əsgərov adına Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsində təhsil alıb. O, 2014-cü ildə hərbi xidmətə yollanıb. Həmin vaxt ali məktəbi bitirib hərbi xidmətə başlayan qardaşı Səbuhi ilə birgə Ağstafa rayonunda, Ermənistanla həmsərhəd bölgədə xidmət ediblər. Coşqunun musiqi istedadı hərbi xidmətdə də ona böyük hörmət qazandırıb. Hətta o, 2016-cı ildə hərbi xidmətdə olarkən, sintezatorda ifası ilə Gəncə şəhərində hərbi qulluqçular arasında keçirilən bədii özfəaliyyətə baxışda 2-ci yeri tutaraq fəxri fərman və hədiyyə ilə mükafatlandırılıb. Coşqun hərbi xidmət zamanı dəfələrlə komandanlığın fəxri fərmanlarını alıb.

Hərbi xidmətini uğurla başa vuran Coşqun Səfərov Salyan Qaz İstismarı İdarəsində nəzarətçi vəzifəsində işləməyə başlasa da, çox sevdiyi musiqi sənətindən bir an belə ayrılmayıb. Onun sintezatorda solo ifaları həmyaşıdlarının iştirakı ilə keçirilən şənliklərin ən sevilən təranəsinə çevrilib.

Coşqun Səfərov 21 sentyabr 2020-ci il tarixdə səfərbərlik çağrışı ilə orduya ilk yola düşənlərdən olub. Manqa komandiri kimi təlimlərdə iştirak edib. Müharibənin ilk günündən ən qanlı döyüşlərin iştirakçısı olub. Elə döyüş meydanında da şəhid olub.

Atası Əhməd Səfərov bildirib ki, Coşqun təlimdə olanda da evə zəng vurub hal-əhval tuturdu: “Valideynlərinə qarşı çox diqqətli idi. Sonuncu dəfə sentyabr ayının 27-də zəng vurub mənimlə sağollaşdı. Mən də bunu adi zənglərindən biri kimi qəbul etdim. Amma danışığmız başa çatdıqdan sonra nigaran qaldığım üçün təkrar həmin nömrəyə zəng vurdum. Telefonu açan adam bildirdi ki, Coşqun artıq uşaqları götürüb onların yanından uzaqlaşıb. Bu bizim son danışığımız oldu...”.

Nənəsi Sürəyya xanım deyir ki, bu əsgər balalar tarix yazdılar: “Dövlətimizdən razıyıam ki, müharibəni qələbə ilə başa vurmağa gücü çatdı”.

“Mən qardaşımla fəxr edirəm. O həm də xeyriyyəçilik işləri ilə məşğul olurdu. İmkansız xəstə uşaqların müalicəsinə kömək üçün İnstaqram səhifəsi açmışdı və çox böyük uğurla fəaliyyət göstərirdi. Coşquna qısa ömrünü mənalı və örnək olaraq yaşamaq qismət oldu”- qardaşı Səbuhi deyib.

Anası bildirib ki, Coşqunun nəşini 2 ay sonra tapmaq mümkün olub: “Mən oğlumla fəxr edirəm. Fəxr edirəm ki, balam Vətən uğrunda, torpaq uğrunda, namusumuz uğrunda şəhid oldu. Dövlətimizə də minnətdaram ki, şəhid balalarımızın qanını yerdə qoymayıb, müharibəni qələbə ilə başa çatdırdı. Ən böyük arzum isə oğlum Coşqunun adının əbədiləşdirilməsidir”.

Coşqun Səfərov sentyabrın 28-də Füzuli istiqamətində döyüşlərdə şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda” , "Füzulinin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif olunub.