2021/05/sehid-3244072930.jpg

line
Adı: Şəmistan
Soyadı: Əzizov
Ata adı: İlyas
Doğum tarixi: 06.12.1993
Şəhid olub: 13.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Şəmistan İlyas oğlu Əzizov 1993-cü il dekabrın 6-da Göyçay rayonunun Qaraxıdır kəndində anadan olub. 2000-ci ildə Zülfüqar Zülfüqarov adına Qaraxıdır kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 2011-ci ildə həmin məktəbi bitirib. 2012-ci ildə Füzuli rayonundakı N saylı hərbi hissəyə xidmətə yola düşüb. Şəmistan 2012-ci ildə düşmənin atəşkəsi pozması nəticəsində yaralanaraq N saylı hospitala yerləşdirilib. Sağaldıqdan sonra yenidən xidmətini davam etdirib. 2013-cü ilin iyul ayında hərbi qulluğunu başa vuraraq geri qayıdıb

Azərbaycan Ordusunun əsgəri olan Şəmistan Əzizov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində savaşıb. Şəmistan döyüşlərə qatıldığı gündən oktyabrın 13-nə kimi 5 döyüşdə iştirak edib. Oktyabrın 13-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub. İki gün sonra isə doğma rayonunda torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəmistan Əzizov ölümündən sonra "Vətən uğrunda" , "Suqovuşanın azad olunmasına görə" “İgidliyə görə” medalları ilə təltif edilib.



"Son döyüşə gedəndə evə zəng edib deyib ki, "Mən ağır döyüşə gedirəm, dua edin. İnşallah, 5 günə aşağı düşəcəyik, onda zəng edəcəyəm, yuxarıda şəbəkə tutmur"".

Bu sözləri Şəmistan haqqında yaxın qohumu Aynur Bilalova deyir.

"Şəmistan bizim ailəni çox istəyirdi, hər dəfə Bakıya gələndə bizdə qalırdı. Özünü bizə o qədər sevdirmişdi ki, nə uşaqlarım, nə özüm onun yoxluğu ilə barışa bilmirik. Kasıb ailənin uşağı idi. Anasının bütün var dövləti Şəmistan idi. Ailənin tək uşağı idi. Heç olmasa bircə yadigarı qalsaydı anasına təsəlli olardı. Ən böyük arzusu evini təmir etdirib evlənmək idi. Evi də ömrü kimi yarımçıq qaldı..."

Şəhidin qohumu sözlərinə davam edir:

“Şəmistan 2012-ci ildə hərbi xidmətdə ikən yaralansa da bu barədə heç birimizə məlumat verməyib. Yarası tam sağalandan sonra evə bildirib ki, yaralanmışdım, indi yaxşıyam. Həmişə söhbət əsnasında deyirdi ki, mən o yaranın heyifini onlarda qoymayacağam. Onun qisasını alacağam. Elə də oldu”.

Şəmistan haqqında danışan Aynur xanım deyir ki, o Şuşaya getməyi çox istəyirdi:

“Şəmistanın anası Əminə xanım Şuşa texnikumunda oxuyub. O, həmişə anasının tələbə vaxtı çəkdirdiyi şəkillərə baxanda anasına deyirdi ki, "Ana, sənin oxuduğun texnikumun binasına bayrağımızı özüm sancacağam. Qismət elə gətirdi ki, döyüşlər başladı, gedib adını sevinə-sevinə könüllü yazdırdı. 29 sentyabrda da çağırışla döyüş bölgəsinə yola düşdü. Bilirsiniz, Şəmistan çox mərd, cəsur gənc idi. Döyüş yoldaşlarının sözlərinə görə, onun qorxmazlığı, mərdliyi komandirlərinin də diqqətindən yayınmayıb. Şəhid olduğu gün 4 saat yaralı vəziyyətdə qalıb. Qanaxması çox olub. Şəhid olan vaxt da kəlimeyi şəhadətini gətirərək papağının, qolbağının və telefonunun anasına verilməsini istəyib”.