Bəzən anasının gözlərini yaşlı görəndə, keçmiş xatirələrini danışanda ah çəkəndə, silmişdi anasının göz yaşlarını, onunla birlikdə çəkmişdi. Hər dəfə də demişdi ki, “Ana Allaha and olsun ki, biz torpaqları alacağıq, onda səni maşına mindirib bütün işğal olunmuş yerlərimizdə gəzdirəcəm. Yorulacaqsan, deyəcəksən ki, ay bala daha bəsdir...”.
Üçüncü mərtəbəyə çatanda xəyallarından ayrıldı. Qapının zəngini basdı. Anası açdı qapını. Dedi ki, ana məni təbrik elə, məni də çağırdılar, gedirəm. Səmərqə özünü itirdi:
- Ay bala nə tələskənlikdir belə, hara gedirsən? Heç olmasa, otur bir parça çörək ye, çay iç. Gün günortanı keçir axı... Yox eeee... ay mama, tələsirəm. Çatmaram. Hə, mənim o cins şalvarımı ver, tez dəyişim.
Azər Quliyev Zakir oğlu döyüşə belə qaçaraq yollanmışdı. Anası Səmərqə Quliyeva oğlunu son dəfə yola saldığı məqamdan danışır:
- Neylədimsə, bir gün də saxlaya bilmədim yanımda. Dedim heç olmasa gözlə dayın gəlsin, o yola salsın səni. Evə gələndə əynində cızıqlı şalvarı var idi. Əynini dəyişib cins şalvarını geyindi. Heç qısaqol köynəyini dəyişmədi. Elə bil od sondürməyə gedirdi. Ayağındakı çələklərlə çıxdı. Nahar da eləmədi. Barı son dəfə öz əlimlə yedirib-içirsəydim, indi məni belə yandırmazdı. İndi xoşladığı yeməkləri bişirəndə əlim yanır, ürəyim yanır...
Mən Səmərqə bacıgilin evinə gələndə 10 gün idi ki, oğlu şəhid olmuşdu. Ancaq evdə bir amiranəlik, səssizlik hökm sürürdü. Ana çox şahanə bir görkəmdə əyləşmişdi. Özünü tox tutmağa çalışırdı. Yalnız söhbət edəndə, səsinin titrəyişindən hiss edirdim ağrısını. Üzə vurmaq, ətrafdakıları kədərləndirmək istəmirdi ana. Servantın üstündə 24 yaşı 11 oktyabrda tamam olmuş şəhid Azərin şəklləri və Azərbaycan bayrağı var idi. Bu bayraq yəqin ki, onun tabutuna örtülən və qardaşına verilən bayraq idi. Şəkil ilk baxışda çox şey deyirdi adama. Baxışlarına vüqar, əzmkarlıq və qürur həkk olunmuşdu. Anasından soruşdum:
- Bacı, sizin çox vüqarlı oğlunuz var imiş. Duruşundan-baxışından qüdrət yağır, şərafət yağır. Adı da ki, Azər. Özünüz qoymuşdunuz adını?
- Mən gənc qız idim Sumqayıta gələndə. O vaxtlar kəndlərdə-rayonlarda iş yerləri az olurdu. Hər adam ev tikib, yurd sala bilmirdi. Bizim də ailəmiz kasıb, zəhmətkeş bir ailə idi. Evimizi dolandırmaq üçün 17 yaşımda gəldim Sumqayıta. Burada “Superfosfat” zavodunda işə düzəldim. Qaynanam Ərkinaz xala ilə də zavodda tanış oldum. Sonra oğluna bəyəndi məni. Evləndik. Zavodda təzə işləyəndə kor bağırsağımdan əməliyyat olmuşdum. Orada məni Azər adlı bir həkim əməliyyat etmişdi. Bir dəfə Ərkinaz xalanın yanında demişdim ki, ailə quranda oğlum olsa, adını Azər qoyacam, qoy mənim də oğlum həkim olsun. Aradan illər keçdi. 1994-cü ildə birinci oğlumuz dünyaya gələndə adını babası Azad qoydu. İkinci oğlum isə 1996-cı ildə doğuldu. Elə ürəyimdə fırlayırdım ki, kaş ixtiyarım çataydı, qaynanama deyərdim ki, uşağın adını Azər çağıraq. Utandım, heç nə demədim. Məndən böyüklərin yanında nəkarə idim ki, ad qoyum, başımdan böyük danışım. Adət-ənənə var idi. Bizim vaxtımızda gəlinlər qaynana-qaynata yanında söz danışmazdılar. Bir də uşağın doğum haqqında şəhadətnaməsini alanda gördüm ki, adını Azər yazıblar. Çox sevindim. Sən demə qaynanam, qız vaxtımda dediyim sözü yadında saxlayıbmış...
Ağır vaxtlar idi biz ailə həyatı quranda. Müharibənin içərisində idik. Sonra yurdumuz talan olundu. Ürək dolusu deyib-gülə bilmədik. Uşaqları da müharibənin ac-yalavac, ehtiyaclı illərində böyütdük. Ayağım zədələndi. Bir şikəst ayağımla, min bir əzabla başa gətirdim oğlanlarımı. Təbii ki, oğlu olan ana, yurdu düşməndə olan ana düşünməlidir ki, o yurdu almaq üçün doğmuşam bu oğulu. Getdi... 29 sentyabrda gülə-gülə, qaça-qaça getdi. Elə inanırdı ki, özünə, sanki Allahdan ürəyinə nida gəlmişdi ki, torpaqlar geri alınacaq.
- Bizim Birinci Qarabağ döyüşlərində iki ən yaxın qohumumuz şəhid oldu: Nazim və Kamal. Onlar da Sumqayıtdakı Şəhidlər Xiyabanında uyuyur, -deyib, söhbətə qoşulur İlqar Nəzərov:
“Mən Azərin böyük dayısıyam. Bilirsiniz, deyirlər eee... Allah hər adamı şəhid eləmir ki, ancaq layiqli bəndəsinə verir bu ucalığı. İndi aramızda yoxdur deyə, demirəm. Azər doğrudan da qeyrətli, dəyanətli oğul idi. 24 yaşına çatdı, bir dəfə sözümdən çıxmadı. Hara göndərdim getdi, nə tapşırıq verdim yerinə yetirdi. Xırda ticarətlə məşğul oluruq. Mənim yanımda işləyirdi. Ona aylıq maaşından əlavə verdiyim çörək pulunu saxlayıb, evinə gətirib verirdi. Həmişə ehtiyac içində yaşadılar. 2018-ci ildə yeznəm Zakir rəhmətə getdi. Bacım neçə il ona qulluq etdi. Düşdüyü dərddən canını qurtara bilmədik. Bu da bir qismətdir. Şəhidlik də Azər balamızın qismətinə yazılıbmış. Azər və onunla birlikdə şəhid olan, qanını tökən qazilərimiz bizə baş ucalığı gətirdilər. Bir qərib yerə gedəndə, “qaçqınıq, köçkünük” deməyə utanırdıq. Bir də görürdün elə söz deyirdilər ki, adamın yeddi qatından keçirdi. Ancaq indi dilimiz də uzundur, sözümüz də keçərlidir. Əskikliyimiz, o qara ləkə alnımızdan silindi. Daha başımız dik gəzəcəyik. Tanrıya dua edək ki, bundan sonra şəhidlərimiz olmasın. Daha müharibəni indiki yetişən gəncliyə, cavanlara saxlamayaq. Necə ki, bir vaxtlar bizim ata-babalarımız Böyük Vətən müharibəsindəki göstərdikləri şücaətlərdən, qəhrəmanlıqlardan, öz iştiraklarından danışardılar, bax indi yetişən nəsil öz uşaqlarına bu qələbə müjdəli döyüşdən, müharibədən danışacaqlar”.
Səmərqə bacı, sonuncu dəfə oğlunuz Azərlə nə zaman danışdınız, səsini axırıncı dəfə nə vaxt eşitdiniz?
- Balaları döyüşdə olan bütün analar kimi mən də istəyirdim ki, tez-tez səsini eşidim. Lakin hər vaxt zəng etmirdi. Onları buradan aparanda əyni yalın idi. Dedim axı, heç nə geyinməmişdi. Gördüm ki, öskürür. Dedi ki, narahatlığa əsas yoxdur. Bir azdan isti paltar verəcəklər. Mənə hər sözü demirdi. Deyirdi ki, arxada oturub, təchizatla məşğuldur. 23 oktyabrda danışdıq günorta, dedi indi işim var, axşam posta çıxacağam, ordan danışaram.
Həmin günü evdə qardaşı Azad, anası axşama qədər Azərin zəngini gözlədilər. Axşam saat 7-8 arası isə evə xəbəri gəldi... Xəbər qara xəbər idi. Bu evin qapısına Azərbaycan bayrağı bağladılar.
O gündən sonra Azad hələ də özünə gələ bilmir. Bir az fikri qarışır, bir az nigarandır, bir az dərdlidir... bir az kövrəkdir, deyir ki, 2018-ci ildə atamı itirdik. O zaman atamın yoxluğuna inandırmışdım özümü. Belə fikirləşirdim ki, zamanı yetişdi, Allah belə məsləhət bildi... Onun hökmü qarşısında biz neyləyə bilərik ki...- deyib, gözlərinin yaşını silir və çətin də olsa söhbətinə davam edir:
Atamız rəhmətə gedəndən sonra biz bir-birimizə daha da bağlandıq, arxa-dayaq olduq. Söz vermişdik ki, anamın bütün arzularını həyata keçirəcəyik. Bu ilin yanvarında mənim toyum oldu. Azər bütün çatışmazlıqları özü həll etdi. Elə bil ki, mənə atalıq edirdi. Ailəyə o qədər canı yanan idi ki... O heç vaxt səhv etmirdi. Məndən balaca olsa da, mən onu özümə arxa-dayaq bilirdim. Əsgərliyini Qazaxda keçmişdi. Bu günə qədər dilinə nə siqaret, nə də içki dəymişdi. Əsgərlikdə də nümunəvi xidmət etdi. Üzümüzə heç vaxt söz gətirmədi. Hamı həmişə onu sevirdi. O, qohumlarımızın hər işdə yardımçısı idi. Elə düşünürdü ki, hamının xeyrinə-şərinə, ağır işinə yarımalıdır. Qolum-qanadım idi Azər. Atamın yoxluğuna alışa bildim, bu isə başqa bir itkidir. Qardaşsız çox çətindir. 24 ildir ki, birlikdə nəfəs alırdıq. Bir evdə yaşayırdıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərə şəfa versin. Müharibədir də... müharibədə başqa cür olmur ki... Mənimlə danışırdı hərdən, deyirdi ki, döyüş necə güclü gedir. Lakin anama demirdi. Anamı ilk dəfə idi ki, aldadırdı. Mənə bir dəfə dedi ki, qismətdir də, dönməsəm heyiflənmə, xeyirlisi Allahdan, nə yazıbsa, onu da görəcəm. Azər ürəkli, cəsarətli qardaş idi. Döyüşdə qardaşımın komandiri olan hərbçi onun haqqında maraqlı söhbətlər danışdı. Əslində mən də bilirəm ki, əgər Azər döyüşdə idisə, o öz adını doğruldacaqdı. Komandir dedi ki: “Əsgər Quliyev Azər döyüş meydanına gəldiyindən ilk gündən özünün bu döyüşdən qalib kimi çıxacağına ümid edirdi. Xocavənd uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərdi. Gəldiyi ilk gündən döyüşlərin hansı istiqamətdə getdiyi, düşmənin yerini dəqiqləşdirdi, hansı tərəfdə yerləşdiyi ilə maraqlandı. Bütün atəş nöqtələrini gəzdi, müşahidə apardı, özünə mövqe seçdi... Gecə əməliyyatlarına daim özünü irəli atırdı. Bir addım da olsun, geri çəkilmədi. Xidməti dövründə bütün tapşırıqların öhdəsindən layiqincə gəldi. Şəhidimizin özünün vəzifəsi tuşlayıcı idi. Həqiqətən də düşmənə lazımınca itki verdirdi. Xocavənddə həlak oldu. Onun gedə bilmədiyi yerlərə biz getdik, qisasını birə-beş aldıq. Qanı yerdə qalmadı. Onun uzaqdan baxdığı yerlərə biz gedib çıxdıq”.
Mən bilirəm ki, qardaşım hələ bundan da artıq şücaətlər göstərib. O həqiqətən də qələbəyə inanırdı. Evdən çıxanda da bu həvəslə, bu arzuyla getdi. Azər deyirdi ki, cəbhədə xəbərləri radiodan alırlar. Sevinirdi. Qürrələnirdi. Deyirdi “qaqa, görürsən də əsgərlərimiz nə tarix yazırlar”. 11 oktyabrda doğum günü idi. Söz verdi ki, qələbə ilə ad günün birlikdə gəlib qeyd edəcək. Qələbəyə çox böyük ümidi var idi. 23 oktyabrda həlak oldu qardaşım , ondan bir gün sonra Qubadlı azad olundu. Demək qardaşım Qubadlının azad olunacağından, döyüşlərin orada getdiyindən xəbərdar olub. Qardaşımın çox arzuları var idi. Nə yaxşı ki, qalib olmağımızı öz gözləri ilə görüb, qələbəyə inanaraq şəhid oldu. Deyirlər ki, şəhidlər ölməz! Siz inanırsınız, mən onu öz yanımda hiss edirəm. Elə bilirəm ki, yenə gələcək, qapı açılacaq və o içəri keçəcək. Mən onu daim yanımda hiss edirəm, nəfəsini hiss edirəm. Var olduğum qədər qardaşımın adını yaşadacağam.
Azərin tabutunu bu balaca evə gətirirlər. 5 nəfərin yaşadığı 35 kvadratmetirlik evə. Həmin vaxt anası Səmərqə üsyan edir ki, balamın üzünü açın, son dəfə necə yatdığına baxım. Həmin məqamı belə təsvir edir:
- Açdırdım balamın tabutunu. Elə şirin yatmışdı ki... Üzündə nur var idi. Otağım onun işığına büründü. Dedim bala oyan, səsimə səs ver, dinmədi, danışmadı... Dedim Azər dur...
Səmərqə danışır. Səsində bir qürur və mətinlik var. Ağlamır Səmərqə. Yəqin ki, ağlaya bilmir. Bəlkə də damarında qanı donub. Hələ övlad itkisi şokundan ayılmayıb. Davam edir:
- Bu gün biz rahat yaşadığımız üçün onlara borcluyuq. Onlar torpağa can verir. Bu torpaqların hamısı insandır. Torpaq yaşayırsa insan da yaşayır. Torpaq bizim yaddaşımızdır. Bilirsiniz nə istəyirəm, bilirsiniz nə zaman ürəyim rahat olar?! Mən də gedim düşmənlə üzbəüz döyüşüm. Heç olmasa bir erməni öldürüm ki, ürəyimin təşnəsi sönsün. İndi Qubadlı da azaddır. Gedəcəyəm dədəmin yurduna, atam Xudayarın məzarına. Deyəcəm dədə, gözün aydın, yəqin ki, xəbərin var. Oğlum bizdən qabaq gəldi yurdumuza. Bilirəm ki, balamın ruhu mən ona nağıl kimi danışdığım yerləri gəzir indi. Neyləyə bilərəm ki?! Bəzən Tanrı duaları eşitmir... Mən əllərim göydə bütün gedənlərin sağ qayıtması üçün dualar edirdim... Bildiyinə, verdiyinə şükür. İndi oğlum da qohumlarımın yanında Şumqayıtdakı Şəhidlər Xiyabanında uyuyur. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Quliyev Azər Zakir oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azər Quliyev, həmçinin “Xocavəndin azad olmasına görə" medalı ilə də təltif edilib.