2021/09/Ismay-1632207248.jpg

line
Adı: Məmmədov
Soyadı: İsmayıl
Ata adı: Vahid
Doğum tarixi: 14.06.1997
Şəhid olub: 29.09.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
İsmayıl Məmmədov 1997-ci il iyunun 14-də Yevlax rayonunda anadan olub.

Anası dünyasını dəyişəndə İsmayıl məktəbli idi. Atası, üç qardaşı və ana əvəzi bacısı Gülsüm vardı. Yüz min təbib yığılsa, verməz bir ana yeri, deyiblər. Amma doğmaları ilə ovunmağı bacardı, taleyin amansız zərbəsinə körpəcik canını sipər edərək yaşadı İsmayıl. Di gəl ki, həyat acı sürprizləri ilə yenə də onu sınağa çəkdi. Həqiqi hərbi xidmətini bitirib gələndən az sonra ikinci bir itkinin acısını yaşamalı oldu. Bu dəfə atası vəfatı ilə onun gənc qəlbini növbəti acı ilə sızlatdı.

Valideynlərinin vəfatından sonra İsmayıl mehrini bacısına salmışdı. Əslində Gülsüm sonbeşikləri olan İsmayılı kimsənin ümidinə qoymaq istəməmişdi. Gəlini olduğu ocaqda qardaşına isti qucaq açmışdı. Bacı-qardaş bir yerdə o qədər çox vaxt keçirmişdilər ki, İsmayıl bacısına “ana” deyə müraciət etməyə, Gülsüm isə onu balalarından biri kimi sevməyə başlamışdı:

-Mənim üçün çox çətindir,- ağlayaraq söylədi şəhid bacısı-ölümündən bir ay əvvəl müddətdən artıq hərbi xidmətdə işə düzələnədək sirrimiz də bir oldu, sözümüz də. Valideynlərimizin itkisi ona elə bir nisgil yaşadırdı ki, gənc adam üçün sanki həyat dəyərini, qiymətini itirmişdi. Deyirdi ki, Allah məni adi ölümlə aparmasın dərgahına, şəhidlik nəsib etsin. Adi ölümlə vəfat edənlər tez yaddan çıxırlar. Şəhidlər isə hər kəsin qəlbində yaşayacaqlar. Arzusuna da çatdı. Onun yoxluğuna dözə bilmirəm, azacıq da olsa təsəllim istədiyi mərtəbəyə yüksəlməsi oldu.

Gülsüm xanım bildirdi ki, İsmayıl həqiqi hərbi xidmətdəykən baş verən aprel döyüşlərinin də iştirakçısı olub, bununla bağlı şəxsi işində komandanlığın təşəkkürnaməsi də var. Döyüş yoldaşları Gülsümə söhbət ediblər ki, özünü elə hey qabağa verirdi. Qəribədir, atalı, analı əsgərləri həmişə qoruyurdu. Qoy valideynləri onlarsız yaşamağa məhkum olmasınlar. Atasız, anasız həyat sürmək çox ağırdır.

İsmayılın özündən başqa iki qardaşı da İkinci Qarabağ Müharibəsinin iştirakçıları olub- Şəmsəddin və Eldəniz.

Şəhid qardaşı haqqında danışan Şəmsəddin onun olduqca sakit,mərhəmətli biri olduğunu dedi:- Həddindən artıq ünsiyyətcil, mehriban idi. Adını çəkən,dindirən hər kəsə “can” deyə cavab verirdi. Ona görə də tanıyan hər kəs onun ölümünə heyfsiləndi. İsmayıl sentyabrın 29-da şəhid olub, müharibənin ikinci günü, Murov dağı yüksəklikləri uğrunda gedən qızğın döyüşlər zamanı. Döyüşçü dostlarının sözlərinə görə, cəsur qrantamyotçu İsmayıl Məmmədov düşmənin “T-72″ markalı 4 tankını sərrast atəşlə məhv etmiş, beşinci tankı nişan alarkən isə vurulmuşdur.

Biz kiçik qardaşımızın ölümündən çox üzülsək də, onun igidliyindən qürur, şəhidliyi ilə şərəf duyuruq.

-Müharibəyə gedərkən ona nə ürək-dirək verən ata, nə dua edib arxasınca göz yaşı axıdan ana olmadı. Amma dəfni çox izdihamlı keçdi. Sağ olsunlar, rayon rəhbərliyi, camaat onu çox təntənə ilə son mənzilə yola saldı. İndi qardaşım İsmayıl Şəhidlər Xiyabanında uyuyur. İnanıram ki, ruhu da çox şaddır. Torpaqlarımızın erməni işğalından azad olunmasına və özünün də bu müqəddəs yolda şəhadətə yüksəlməsinə görə-dərin kədər içində dedi Gülsüm.

İsmayıl Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İsmayıl Məmmədov sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il15 dekabr tarixli Sərəncamına əsasən Məmmədov İsmayıl ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

memorial.az