İkram Şirvan oğlu Səmədov 21 fevral 1991-ci ildə Saatlı rayonunu Əlisoltanlı kəndində dünyaya gəlib. 1998-ci ildə Saatlı rayon M. Əliyev adına Əlisoltanlı kənd orta məktəbinin birinci sinifinə daxil olub.
2008-ci ildə həmin məktəbi bitirib, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinə daxil olub. 2014-cü ildə kolleci "Elektrik stansiyaların elektrik avadanlıqlarının quraşdırılması" ixtisasına yiyələndikdən sonra İkram hərbi xidmətə yollanıb. Tərtər rayonunda hərbi xidmət müddətini davam etdirib.
2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra ölkədə səfərbərlik elan olunur və İkram Səmədov könüllü olaraq ordu sıralarına qoşulur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantısına çağırılır və 27 sentyabr 2020-ci ildən başlayan Vətən müharibəsində ilk gündən iştirak edir.
O, Hadrutun, Füzulinin, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Könüllü əsgər İkram Səmədov 9 noyabr 2020-ci ildə Şuşa döyüşlərində şəhid olur, doğulduğu Saatlı rayonunun Əlisoltanlı kəndində dəfn olunur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İkram Səmədov ölümündən sonra "Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə" , "Cəbrayılın azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" , "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.