Hikmət Fikrət oğlu Həsənov 15 iyul 1986-cı ildə Gəncə şəhərində anadan olub. 1993-cü ildə Gəncə şəhəri, M.Ş.Vazeh adına 16 saylı məktəbin birinci sinfinə daxil olmuş, 2004-cü ildə həmin məktəbi bitirib. 2004-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib. 2018-ci ilin iyun ayından Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçu kimi xidmət etməyə başlayıb.
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, kiçik çavuş Hikmət Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sentyabrın 27-də Murovdağ döyüşləri zamanı yaralı komandirini xilas etmək istəyərkən qəhrəmancasına şəhid olub. Döyüş yoldaşları deyir ki, Hikmət ürəyindən snayperlə vurulan anda belə əlindəki silahı döyüş yoldaşlarına verib ki, silahı düşmən əlinə keçməsin. Nəşi 68 gün sonra tapılan Hikmət Həsənov dekabrın 6-da Gəncə Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhid Hikmət ailəli idi, Rüqəyya və Ruzi adlı iki övladı var.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı, 29.12.2020-ci il tarixli Sərəncama əsasən “Suqovuşanın azad olunmasına görə” medalı, 24.06.2021-ci il tarixli Sərəncama əsasən “Cəsur döyüşçü” medalı ilə təltif edilib.