Məqsəd Mahir oğlu Həsənov 21 noyabr 1991-ci ildə Ağdam rayonunda anadan olub. Ağdan rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra Məqsədin ailəsi məcburi köçkün həyatı yaşayıb və çadır şəhərciyində məskunlaşıblar. Məqsəd 1997-ci ildə Türk Çadır Şəhərciyində ibtidai təhsilə başlayıb. Azərbaycan dövləti məcburi köçkünlər üçün yeni qəsəbələr salmağa başlayanda Məqsədgilin ailəsi 2-ci Baharlı qəsəbəsində yeni mənzillə təmin edilib. Məqsəd orta məktəbin 6-cı sinfinədək təhsil alıb. Sonra isə ailəsinə maddi köməklik göstərmək üçün işləməyə başlayıb.
2008-ci ildə Məqsəd Həsənov həqiqi hərbi xidmətə çağırılıb. Hərbi Xidmətini Bakldakı N saylI hərbi hissədə keçib. Hərb sahəsinə marağı olduğundan ordu sıralarında qalmaq istəyib. Lakin ailənin yeganə oğul övladı olduğu üçün valideynləri razı olmayıb. Hərbi xidmətini başa vurduqdan sonra Məqsəd Qazaxıstana gedib və bir müddət orada çalışıb. Yenidən Vətənə qayıdan Məqsəd Həsənovun hərbiçi olmaq istəyinin qarşısını bu dəfə artıq heç kim ala bilməyib. O, hərbi kursantlıq kurslarına yazılıb. Gədəbəy, Ağdam rayonlarında müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmət edib. Sonra Məqsəd Həsənov Goranboy rayonu ərazisindəki N saylı hərbi hissədə xidmətini davam etdirib. Ailə qurub...
27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsinin ilk dəqiqələrindən Məqsəd Həsənov döyüşlərə atılıb, cəsur döyüşçü kimi düşmən mövqelərinə sarsıdıcı zərbələr vurub. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vətən müharibəsinin 7-ci günü Məqsədin idarə etdiyi hərbi maşın düşmən tərəfindən vurulub. Döyüş yoldaşlarından bir neçəsi şəhid olub. Bu hadisədən sonra evlərinə zəng edən Məqsəd anasına “kaş mən də şəhid olaydım” deyib. Bir necə gün sonra oktyabrın 6-da Məqsəd Həsənov Suqovuşan uğrunda gedən döyüşdə yaralanıb. Yaralı olmasına baxmayaraq yaralı digər döyüşçüləri döyüş meydanından çıxarıb. Yaralı halda yaralıları daşıması qan itkisinə səbəb olub və Məqsəd Həsənov qəhrəmancasına şəhidliyə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məqsəd Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə "Cəsur döyüşçü" medalı, Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.