Vahid Baxşıyev 1999-cu il mayın 17-də Xaçmaz rayonunun Bayoba kəndində dünyaya göz açıb. Vətən Müharibəmiz başlayanda 21 yaşlı Vahid Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi ilk gündən döyüşlərə qatılıb. Murovdağ istiqamətində şiddətli döyüşlərin iştirakçısı olub. Cəsur kəşfiyyatçı oktyabrın 30-da yanında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Anası Mehri Baxşıyeva bildirir ki, Vahidin hərb elminə böyük həvəsi vardı. “Çox gözəl övlad idi. Bir sözümüzü iki etməzdi. Evimizin sonbeşiyi idi. Şeir yazırdı. Müharibə vaxtı hər gün danışırdıq. "Vahid, özündən muğayat ol" deyirdim. Məni aldadırdı ki, guya döyüşlərə girmir. Təlimlərdən sonra evə gəlmişdi. Çantası 60-70 kiloqram olardı. Həmin çanta ilə dağlara çıxırdılar. O, mənim başımı ucaltdı. Vətənpərvər idi, müharibədən, erməniləri torpaqlarımızdan qovmaqdan danışırdı. Şəhid olan günü telefonla danışdıq. Günorta saat birdə zəngləşdik. Atası, qardaşı ilə zarafatlaşıb güldülər. Bir-iki saatdan sonra şəhid olub. Məndən gizlətmişdilər”, - deyə Mehri Baxşıyeva söyləyib.
Vahid döyüşlərin ilk günlərində Murovdağ zirvəsinin azad olunması əməliyyatlarında fəal iştirak edib. Daha sonra cəbhənin digər istiqamətlərində yaşayış məntəqələrinin işğalına son qoyulması üçün irəli atılan birləşmələrdə yer alıb.
“Sakit uşaq idi. Məktəbdə oxuyanda vaxtından əvvəl əsgərliyə getmək istəyirdi. Vaxtı çatanda hərbi xidmətə yollandı. Xidmətini başa vurandan sonra da öz istəyilə hərbidə qaldı. Xeyirxahlığı ilə də seçilirdi. Maaşından imkansız ailəyə kömək edirmiş. Şəhid olandan sonra bu barədə bildik. Keçən ilin yanvarından hərbidə çalışmağa başlamışdı. Döyüşlər vaxtı bizə ətraflı məlumat vermirdi. Yalnız onu deyirdi ki, əmr gözləyirik. Halbuki od-alovun içində döyüşürdü. Son savaşdan qabaq da zəng eləmişdi. "Hər şey yaxşıdır" dedi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”,- şəhidin atası Məclum Baxşıyev söyləyir.
“Vahidin musiqiyə, incəsənətə marağı vardı. Şeirlər yazırdı, rayonda mədəni tədbirlərdə iştirak edirdi. Fəxri fərmanla təltif olunub. Şəhid olması xəbərini noyabrın 1-də eşitdim. İşdə idim. Əmim zəng edərək xəbər verdi. Ürək nahiyəsindən qəlpə yarası alıb. Döyüş yoldaşlarının dediyinə görə, yanında mərmi partlaması nəticəsində şəhid olub. Vətən sağ olsun!”,- şəhidin qardaşı Mahir Baxşıyev bildirib.
Şəhid Vahid Baxşıyev ölümündən sonra “Vətən uğrunda" medalı ilə təltif olunub.