2022/01/ferid-1642015973.jpg

line
Adı: Fərid
Soyadı: Cəfərov
Ata adı: İsmixan
Doğum tarixi: 13.01.1998
Şəhid olub: 01.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
...Rayonumuzun Quşçu kəndində eyvanı Vətənimizin cənub qərb istiqamətinə- Qarabağ səmtinə baxan kürsülü bir ev var. Sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsində Talış-Suqovuşan və Ağdərə uğrunda döyüşlərdə rəşadətlə vuruşaraq şəhid olmuş Fərid İsmixan oğlu Cəfərov sağlığında həmin evdə yaşayıb.

Şəhid balamızın atası, vaxtilə I Qarabağ müharibəsinin döyüşçüsü olmuş İsmixan kişi bizimlə söhbətinə keçmiş xatirələrini danışmaqla başladı. Dedi ki, düşmən ilk dəfə torpaqlarımızı işğal etmək niyyəti ilə baş qaldıranda subay-sağlıq vaxtım idi. Hamı kimi mənim də qəlbimdə coşub, çağlayan ən ümdə arzu ac yalquzaq, qudurmuş it kimi addımbaşı xalqımızı dalayan, xain gözləri torpağımızda, təknəmizdə qalan nankor ermənlərin ayaqaltı etdikləri müqəddəs torpaqlarımıza sahib çıxmaq idi. Elə bu niyyətlə də döyüşürdük. Lakin nə yazıq ki, o dövrün səbatsız siyasətçilərinin, hakimiyyət hərislərinin günahı ucbatından istəyimiz baş tutmadı.

Sonra İsmixan kişi dərindən köks ötürüb, kövrələ-kövrələ cəsurluğu və şücaəti ilə onlara və xalqımıza qürur hissi yaşadan şəhid oğlundan danışdı. Dedi ki, Fərid ailəmizin ikinci övladı idi. Bacısı Nuranədən sonra 13 noyabr 1998-ci ildə anadan olub. Orta məktəbi bitirən Fərid həqiqi hərbi xidmətə çağırıldı. O, ilyarımlıq hərbi xidməti dövründə özünü nümunəvi əsgər kimi göstərə bildi. Vətən qarşısında həqiqi hərbi xidməti borcunu şərəflə başa vuraraq ordudan tərxis olundu. İkimiz də sənətkarlıqla məşğul idik. Tikinti işlərindən az-çox başımız çıxdığından gördüyünüz bu evi də ata-bala köməkləşib araya-ərsəyə gətirmişik. Sonra da toyunu etdik balamızın. Elə yumşaq ürəyi vardı ki. Hamıya qarşı mehriban və səmimi idi. Böyüyün - kiçiyin yerini bilir, hörmətini saxlayırdı. Lakin ötən ilin iyul ayında respublikamızın dövlət sərhəddini silahlı təxribatla xaincəsinə pozan ermənilərin bu yerə-göyə sığmayan vəhşiliyindən sonra özünə sığışmırdı Fərid. Hiss edirdim ki, onun xarakterində əvvəlki ürəyi yumşaqlıqdan əsər-əlamət qalmayıb. Özü də boynuna alırdı ki, mənfur düşməndən qisas almaq hissi içimi alışıb - yandırır.

Nəhayət, sentyabr ayında səfərbərlik haqqında çağırış gələndə sanki Fəridin üzərindən ağır bir yük götürülüb. Onu yola salanda atası deyib ki, ay oğul, yağı düşmən üzərində qələbə çalmaq biz keçmiş döyüşçülərə qismət olmadı. Qoy bu şərəf sizə qismət olsun, Qələbə sorağınızı eşidək. Bəxtiyar Vahabzadədən bu misraları deməyi də unutmadı İsmixan kişi:
Vətənin arxasında,
Biz həmişə dağ olduq.
Vətən bizimçin deyil,
Biz Vətənçin doğulduq.


Atasının xeyir-duasından, öyüd-nəsihətindən sonra o, anası Aynurla görüşüb. Daha sonra içəri evə keçib həyat yoldaşı Fəridə xanımla və hələ bir yaşı tamam olmamış körpə qızı Nurlananı sevələyərək sağollaşıb. Ailə üzvlərini Allaha ismarlayaraq, tezliklə qələbə müjdəsi və görüşmək arzusu ilə igidlər, ərənlər və cəngavərlər meydanına, odlu cəbhəyə yola düşüb.

Çox şükürlər olsun ki, məhz ölkəmizin və xalqımızın əsl sahibi, torpaqlarımızın hər zərrəsinin ürək yanğısı ilə qədrini bilən, təəssübünü çəkən möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının çevik siyasəti, polad iradəsi və yenilməz sərkərdəliyi ilə Qüdrətli Ordumuz illərboyu arzuladığımız şanlı Zəfər salnaməsinin müəllifi oldu. Bu gün azadlıqda olan, şəhid qanı ilə suvarılan Qarabağ torpağına Cəfərovlar ailəsinin yeganə oğul övladı Fəridin də qanı qarışıb.

...Quşçu kəndində ana qədər sevdiyimiz və əzizlədiyimiz doğma torpağa tapşırılan Fərid kimi qəhrəman vətən oğullarının igidliyi, mərdliyi və fədakarlığı sayəsində bu ölkədə alnı açıq, qürurlu və qalib xalq kimi yaşamağı haqq etdyimizə görə onların hər birinin ölməz ruhu qarşısında baş əyir, uyuduğunuz məzarlarınız nurla dolsun, - deyirik.

Cəfərov Fərid İsmixan oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", «Cəsur döyüşçü» «Suqovuşanın azad olunmasına görə» medallar ilə təltif olunmuşdur.
Sonsuzadək ürəyimizdə yaşayacaqdır!

Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti