44 günlük Vətən müharibəsi qəhrəmanlarından biri də Tural Ətraf oğlu Şıxızadədir. O, 2002-ci il mayın 30-da İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. Subay idi.
2008-ci ildə Aqil Məmmədov adına Diyallı kənd orta məktəbində təhsil almağa başlayıb. 9-cu sinifi bitirdikdən sonra İsmayıllı rayon Peşə məktəbində təhsilini davam etdirib. 2019-cu ildə orta məktəbi bitirib. 2018-ci ildə qol güləşi üzrə yarışlara qatılıb. Uğurlu çıxışları nəticəsində 6 medal, 11 diplom qazanıb.
Bu idman növü üzrə həmçinin, respublika birincliyinə layiq görülüb. 2020-ci ilin iyulun 11-də həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəhrillər xarabalığı, dostagir, Talış və Suqovuşan yaşayış məntəqəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Şıxızadə oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
Şəhidin adanası Könül xanım: "Mənə deyirdi ki, "Ana, Şəhidlik hər adama qismət olmur, mən bu arzuma çatsam, sən bil ki, mən dünyanın ən xoşbəxti olaram. Şəhid olsam, başını dik tut, ağlama". Onun bu arzusuna görə də dəfn olunanda özüm bayrağını aldım, öpüb "Vətən sağ olsun", dedim".
Şəhid anası oğlunun ermənilərə qarşı hər zaman içində bir hirs olduğundan söz açıb:
"Ümumiyyətlə, Turalın iki arzusu var idi: İdmançı olmaq və Şəhid olmaq. Qol güləşi üzrə 6 medalı, 11 diplomu var. Xaricə turnirə çağırılmışdı. Həmişə deyirdi ki, kaş yarışda erməni ilə düşəm, yarışı bəhanə edib onun qolun sındıraram, torpağımın heyfin alaram. Elə oldu ki, yarışda istədiyi kimi erməni ilə düşdü, amma pandemiyaya görə gediş alınmadı. Şəhid olmaq arzusuna da onu ancaq düşmənimiz çatdırardı. Onlar da çatdırdı. Erməni elə bilir ki, mənim balamı snayperlə vurmaqla ona və mənə pislik edib, yox. Qoy eşitsinlər, onlar elədiyi pisliklə əslində yaxşılıq edib. Mənim balamı Allahın yanına çatdırıb. O ən uca mərtəbəyə çatıb. Bir gözüm ağlayır, bir gözüm gülür. Ağlayır ona görə ki, hələ cavan idi, 2 ay yatımın əsgəri idi, gülür ona görə ki, Tural arzusuna çatdı. Erməni sevinməsin ki, bizə pislik edib, Turalı arzusuna çatdırıb".
Könül xanım qeyd edir ki, Tural ön cəbhədə xidmət etmək üçün can atırmış:
"Olduqca vətənpərvər idi. Hərbi xidmətə çağırılanda sevinə-sevinə gəldi. Evdə qol açıb oynayırdı. Hamıya da deyirdi ki, Milli Orduya düşmüşəm, 3 aydan sonra bölünündə də Ağdama, Tərtərə düşəcəyəm. Qonşularımız deyib ki, atan xəstədir, getmə. Deyib nə? Gedirəm Ağdamı almağa. Bu uşağa baxıb məəttəl qalırdım. Deyirdim ki, bütün övladlarımızda bu istək olsa, torpaqlarımız azad olunar. Allaha şükür ki, övladlarımız qaçmadı, Şəhid oldular, uca məqama yüksəldilər".
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Şıxızadə ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.