Əsgərliyini Goranboy “N” saylı hərbi hissəsinin quru qoşunlarının daxilində çəkib.İri çaplı ağır silahdan atəş açmağın sirlərini dərindən öyrənib və atıcı kimi fərqlənib. Müharibə başlayanda Əhməd doqquz aya yaxın idi ki, düşmənlə sərhəddə xidmət edirdi, son vaxtlar daha çox mülki əhali yaşayan kəndlər hədəf seçilir, dinc əhali arasında ölən və yaralananlar olurdu. Bu hamı kimi əsgərlərimizin də qəzəbini alovlandırır, düşmənə olan nifrətini artırır, döyüş ruhunu yüksəldirdi.
Müharibə başlayanda haqq savaşına qalxan oğullardan biri də Əhməd idi. O, Tərtər rayonunun Talış və Suqovuşan kəndləri istiqamətində döyüşlərə qatılıb, üç oktyabr günü ağır və şiddətli döyüşlərdən birində şəhidlik məqamına ucalıb
Atası Anar və anası Güləbətin şəhidlərin əbədi yaşarlığına inanır, deyir ki, oğulu elə Vətən üçün böyüdərlər, Əhməd bizim gözümüzün ilk ovu idi, vətənpərvər, qeyrətli bala idi. Kənddə də onu çox istəyirdilər, özünü sevdirməyi bacarırdı, hörmətcil, hamıya qarşı diqqətli idi… Vətəni çox sevirdi, Qarabağ haqqında yalnız kitablardan oxusa da o yerlərin gözəlliyinə vurulmuşdu. Hərbi xidmət yaşı çatmayanda belə cəbhəyə can atırdı, işğal olunmuş torpaqlarımızı azad görmək istəyirdi… Bizim üçün Əhmədsiz çox çətindir, amam bircə təsəllimiz Qarabağın azad olunmasıdır. Vətən sağ olsun…
Şəhid Əhməd Əhmədli Poladtoğay kənd qəbristanlığında dəfn olunub.
Əhmədin xalasıqızı danışır:"Deyilənə görə, bir dəfə bir müəllim inşa yazdırır. İnşada kim gələcəkdə hansı peşənin sahibi olmaq istədiyini yazırmış.Çox uşaq həkim və ya müəllim yazıb,amma Əhməd tam fərqli "gələcəkdə pilot olmaq istədiyini" yazıb. Bunun səbəbini soruşanda isə cavabında:
-Mən pilot olmaq istəyirəm.İstəyirəm ki, düşmənlərimizi göydən vurub öldürüm-deyib.
Əslində arzusuna çatdı, torpaqlarımızın azad edilməsində iştirak etdi,lakin bu sevincini sonda bizimlə bölüşə bilmədi.Müharibədə gördüklərini,şahid olduqlarını,bizə demək istədiklərini fəxr hissi ilə bizə danışa bilmədi, Şəhid oldu... Amma o bizim həmişəlik fəxrimiz oldu.
Hərbi xidmətə yollanmağına az qalmış bizə gəlmişdi.Çox sevinirdi.Anamla söhbətlərini eşitdim. Anam zarafata belə bir sual verdi :
-Qorxursanmı?
O isə:
-Yox qorxmuram, amma anamdan nigaran qalacağam, - dedi.
Ürəyimdə "bu nigarançılıq müvəqqətidir" dedim. Amma müvəqqəti deyilmiş.
Yanvarın 6-da onu torpağa tapşırdıq. Bu gün mən xalam oğlu ilə fəxr edirəm."
Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan əsgər Əhmədli Əhməd Anar oğlu ölümündən sonra
“Vətən uğrunda “ medalı ilə təltif edilib.