Onlar öz övladlarını, həyat yoldaşlarını, valideynlərini uğrunda canlarından keçdikləri bu Vətənə əmanət etdilər... Döyüşlərdə hər bir qəsəbə və kəndi düşməndən geri alıb bayrağımızı ucaldanda bizə dünyaları verdilər, məğlub xalq töhmətindən xilas olduq..
Kapitan Ruhin Müzəffər oğlu Xəlilov da belə qəhrəmanlardan biridir... İndi bu ad-soyad çoxlarına tanışdır. Rahat işini, isti kabinetini soyuq səngərə dəyişən könüllü vətən fədaisi...
Ailəsi Cəbrayılın işğalından sonra Xırdalan şəhərində məskunlaşmışdı. Ruhin Xəlilov orta məktəbə Xırdalanda gedib, təhsilini də elə burada bitirib.
Vaxtilə təhsil aldığı məktəbin müəllimləri deyirlər ki, Ruhin məktəbin ağıllı, tərbiyəli və savadlı şagirdlərindən biri olub və bu keyfiyyətlərinə görə də həmişə fərqlənib.
Doğulduğu Cəbrayılı azad etmək eşqi ilə yaşayan Ruhin yaşa dolduqca, Vətən nisgilini də içində böyüdüb. İnanırdı ki, nəhayət bir gün doğma rayonun azad olunması uğrunda savaşan əsgərlərdən biri məhz o özü olacaq. Bu arzu-istəklə ali təhsil aldı, hüquqşünas ixtisasına yiyələndi...
Ali təhsilini Bakı Asiya Universitetinin hüquq fakültəsində bitirib, ədliyyə sistemində işə qəbul olunub.
2011-ci ilin 14 oktyabrında Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası tərəfindən ədliyyə orqanlarına dövlət qulluğuna qəbulla bağlı müsabiqəyə yekun vurulanda, uğurlu nəticəyə nail olan 56 namizəd arasında Ruhin Müzəffər oğlu Xəlilovun da adı var idi.
Ədliyyə işçisi kimi Biləsuvarda, İmişlidə çalışdı, 10 ilə yaxın müddətdə vəzifə pilləsində addım-addım yüksəldi. Çalışdığı yerlərdə prinsipallığı, haqq-ədalətin müdafiəçisi kimi hörmət-izzət qazandı.
İmişli Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsində çalışanda ədliyyə qulluğunu nöqsansız yerinə yetirməsi onu rəhbərliyin gözündə daha da ucaltdı.
Bacarığına, dürüstlüyünə, məsuliyyətli olmağına, peşəkarlığına inanıb irəli çəkdilər – Bakıya Ədliyyə Nazirliyinə işə gətirdilər. Ədliyyə kapitanı rütbəsinə yüksəldi..
Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimov şəhid olanda artıq bıçağın sümüyə dirəndiyini, daha geriyə yolun qalmadığını düşünən kapitan Ruhin Xəlilov ailəsindən xəbərsiz könüllü olaraq cəbhəyə getmək üçün yazıldı.
Beləcə, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin məsləhətçisi, kapitan Ruhin Xəlilov işindən istefa verərək, Vətən Müharibəsi başlayandan 3 gün sonra - oktyabrın 1-də könüllü cəbhəyə gedib.
O, Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşan Şanlı Ordunun minlərlə əsgərindən biri oldu... Nə yaxşı ki, Ruhin Xəlilov doğulduğu və 6 yaşına kimi yaşadığı Cəbrayılın düşmən tapdağından azad olunduğu günü görə bildi.
Bacısı Gülnar Xəlilova: “Tovuz hadisələrindən sonra könüllü yazılmışdı. Bu haqda ailədən heç kimə deməmişdi, Sonradan bilmişdik...
Cəbhədən zəng edəndə deyirdi hər şey yaxşıdı, çox şey söyləmirdi... Öz rayonumuz – Cəbrayıl alınanda mesaj yazmışdı ki, doğma torpaqdayam. Sizi bura gəzməyə gətirəcəm”.
Ədliyyə zabitinin döyüş yolu 21 gün sürdü... Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə fərqləndi, şücaət göstərdi. Döyüşən Ordunun tərkibində Laçın rayonu ərazisinədək irəliləyə bildi.
Təəssüf ki, bacısına verdiyi sözə əməl etmək ona qismət olmadı... Ruhin Xəlilov oktyabrın 22-də Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.
Onu Bakıda – indi Üçüncü Fəxri Xiyaban adlandırılan məzarlıqda – şəhid olan döyüş yoldaşlarının əhatəsində dəfn etdilər.
Ruhin Xəlilov keçdiyi şərəfli döyüş yolu ilə xalqının və dövlətinin adını uca tutdu, qəhrəmancasına vuruşaraq müqəddəs şəhidlik zirvəsinə yüksəldi.
O üç övladına – qızları - 7 yaşlı Qönçə və 5 yaşlı Melisaya, oğlu - 1 yaşlı Tunara şərəf və layaqətlə anılacaq bir yol qoyub getdi...