Sadıqov Rəsul Həşim oğlu 2001-ci il martın 3-də Bakı şəhərində dünyaya gəlib.
Rəsul 2019-cu ildə Goranboyda Ballıqaya ərazisində xidmət edib. Atış üzrə birincilik qazanıb, fəxri fərmanlar alıb. Minamyot tuşlayıcısı olub. Tovuz hadisələrində könüllü olaraq döyüşlərə qatılıb. Ağdərə, Suqovuşan, Murov yüksəkliyi, Kəlbəcər, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştrak edib. Erməni pozisiyalarını, silah-sursat anbarlarını məhv edib. Hərbi hissə komandirinin bildirdiyinə görə, Rəsul komandada yeganə minamyot tuşlayıcısı olub, manqa başçısı, döyüşü aparan ikinci şəxs olub.
Könüllü olaraq İkinci Qarabağ müharibəsində iştirak edib. 2020-ci il 10 oktyabrda Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mehdiabadda Şuşa Şəhidlər Xiyabanında dəfn olunub.
Anası Elnarə Allahverdiyevanın sözlərinə görə, Rəsulun 9 yaşlı qardaşı Mirsalam da onun yolunu davam etdirir: "Ölümündən bir gün əvvəl axşam saat 11 olardı. Zəng elədi, israrla dedi ki, qardaşımı oyat, onunla danışmaq istəyirəm. Danışdılar, sağollaşdıq. Oktyabr ayının 10-u şəhid oldu. Qarın nahiyəsindən dəyən qəlpə kürəyindən çıxmışdı. Komandirinin qucağında can verib. Komandir soruşub: "Rəsul, nəsə sözün var? Ağrıyırsan?". Rəsul deyib ki, hər şey yaxşıdır. Komandir son sözünün nə olduğunu soruşanda şəhadət gətirib, şəhid olub.
Ayın 10-u səhər mənə zəng gəldi. Dedilər ki, Rəsul yaralanıb, şəhid olduğunu demədilər. Mən Yevlaxa getdim və orada bildim ki, oğlum şəhid olub. Allah həmin anı heç bir anaya qismət etməsin. Mən orada çox pis vəziyyətə düşdüm, amma bir anlıq özümü sakitləşdirdim ki, oğlum Vətən uğrunda şəhid olub. Hər adama nəsib olmur o uca zirvə".
Ölümündən sonra döyüşlərdə fəal iştrakına görə "Vətən uğrunda" , "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.