Hüseynov Xaliq Kamil oğlu 20 sentyabr 2001-ci ildə Bakının Nardaran qəsəbəsində dünyaya göz açıb. İbtidai təhsilinə 2008-ci ildə 295 №-li tam orta məktəbdə başlayıb. 2017-ci ildə orta təhsilini başa vuran Xaliq çilingər ixtisasına yiyələnərək maşın ustası kimi işləməyə başlayıb.
Arzusu işləyib pul qazanmaq və internat uşaqlarına kömək etmək olub. İdmana və hərbiyə hədsiz marağı olan Xaliq peşəsi ilə paralel olaraq idmanın cüdo növü ilə məşğul olub.Əsgərlik yaşına çatan Xaliq 2020-ci ilin yanvar ayında Vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb.
Elə xidmətinin ilk günlərindən əsgər yoldaşları arasında fiziki gücü və bacarığı ilə fərqlənən Xaliq bir neçə idman yarışlarında fərqlənmişdir. Vəzifəcə baş atıcı olub.
Karantin qaydalarının sərt dönəmində xidmət edən əsgər Hüseynov valideynləri ilə görüşə bilməyib və hər telefon zəngində onlara qalıb orduda müddətdən artıq xidmət etməyi və işğal altında olan torpaqlarımızı işğaldan azad etmək istədiyini bildirib.
Hüseynov Xaliq 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılmış və Tərtər-Ağdərə istiqamətində düşmənlə üz-üzə mübarizə aparmağa balşayıb. Baş atıcı kimi Talış və Suqovuşan kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və ərazilərin düşməndən təmizlənməsində fəal rol oynayıb..
Sağ qalan döyüş yoldaşlarının verdiyi məlumata görə Xaliq də daxil olmaqla 6 əsgərimiz erməni postuna girib və 50 erməni hərbçisini məhv edərək döyüş postunu düşməndən azad edib.
Əsgər Hüseynov Xaliq 16 oktyabr tarixində şiddətli döyüşlərin getdiyi Suqovuşan qəsəbəsində düşmənin minaatandan açdığı atəş nəticəsində döyüş meydanında qəlpə yarası alaraq şəhid olub. Onun nəşi ertəsi gün - 17 oktyabr tarixində doğulub böyüdüyü Nardaran qəsəbəsinə gətirilmiş,ailəsi ilə vida mərasimindən sonra qəsəbə sakinlərinin müşayiəti ilə Rəhimə xanım ziyarətgahına gətirilib və ziyarətin girişində dəfn olunub.
Vida mərasimində Sabunçu rayonu icra hakimiyyətinin, Müdafiə nazirliyinin və qəsəbə dini icmasının nümayəndələri iştirak edib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaliq Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı (ölümündən sonra) ilə təltif edilib.