2021/09/Elxan-4898192292.jpg

line
Adı: Hüseynov
Soyadı: Elxan
Ata adı: Maarif
Doğum tarixi: 12.03.2000
Şəhid olub: 13.12.2020
Rütbəsi: Mahhxhq əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Şücaətə görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı

Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun ən çox fərqlənən və düşmənin canına qorxu salan birliklərindən biri də Xüsusi Təyinatlı Qüvvələr oldu. Xüsusi təyinatlılarımız 44 gündə göstərdikləri əsl qəhrəmanlıq və peşəkarlıq nümunələri ilə adlarını təkcə Azərbaycanın deyil, dünya hərb tarixinə həkk etdilər. Müharibədə ən çətin əməliyyatlara cəlb olunan və bütün döyüşlərdən üzüağ çıxan xüsusi təyinatlılarımızın sıralarından neçə-neçə igidimiz Vətən uğrunda son damla qanına qədər döyüşərək şəhidlik zirvəsinə ucaldı. Belə igidlərimizdən biri də 37 gün komada qaldıqdan sonra şəhidliyə ucalan Elxan Hüseynovdur.


Elxan Maarif oğlu Hüseynov 2000-ci il martın 12-də Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün Biləsuvar rayon ərazisində salınmış şəhərcikdə dünyaya gəlib. Ata-baba yurdunun həsrəti ilə yaşayan Elxan hərbçi olmağı qarşısına məqsəd qoyub. Orta məktəbi bitirdikdən sonra 2018-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra xüsusi təyinatlılarda MAHHXHQ əsgər kimi hərbi xidmətini davam etdirib.  Elxanın peşəkarlığı, idmançı olması onun xüsusi təyinatlılarda xidmət etməsinə yol açıb.


Qarabağın azadlığı uğrunda əməliyyatların ilk günlərindən ordusu sıralarında döyüşlərə qatılan cəsur kəşfiyyatçı Elxan Hüseynov hamımızın mavi ekranlardan dönə-dönə izlədiyimiz Xudafərin körpüsünə üçrəngli bayrağımızı sancıb, cənab Ali Baş Komandan İlham Əliyevə məruzə edən qrupun üzvülərindən biri olub. Füzulidən Şuşaya qədər şanlı döyüş yolu keçib, Zəfərə sayılı günlər qalmış - 6 noyabrda düşmən gülləsinə tuş gələrək yaralanıb. Onu döyüş meydanından təxliyə edən təcili yardım maşını isə minaya düşüb. Yenidən yaralanan Elxanı tapanda onun şəhid olduğunu düşünüblər. İki dəfə əməliyyat olunmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb, uzun müddət komada qaldıqdan sonra 13 dekabr 2020-ci ildə Elxan Hüseynov şəhidlik zirvəsinə ucalıb.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elxan Hüseynov ölümündən sonra  "Vətən uğrunda", “Vətən müharibəsi iştirakçısı”, “Şücaətə görə”, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.


Şəhidin anası Sevil Xəlilova Elxan kimi övladının olması ilə fəxr etdiyini bildirir:

“O, hər zaman deyərdi ki, "Böyüyüb torpaqlarımızın azad edilməsində iştirak edəcəyəm". Arzusuna da çatdı, Şuşaya qədər bütün döyüşlərdə iştirak etdi. Noyabrın 6-da yaralanan Elxanı hospitala apardılar. Bir neçə gün ərzində ondan xəbər ala bilmədik. Biz onu tapanda xəstəxanada komada idi. Həkim mənə oğlumun adını çağırmağımı dedi. O, komada olsa belə səsimi eşidəndə əlimi sıxdı, “Qardaşın Orxan gəlib”, dedim. Onda isə əlini qaldırdı. Elxan 37 gün komada qaldıqdan sonra şəhidlik zirvəsinə ucaldı. Döyüşlər zamanı da imkan tapdıqca bizimlə əlaqə saxlayırdı. Bir dəfə zəng etdi ki, "Ata-baba yurdumuzu azad etmişik, Xudafərin azaddır, xəbərlərə baxarsınız". Onun ən ülvi arzusu torpaqlarımızın işğaldan azad olunmasını görmək idi. Elxan torpaqlarımızı görməklə yanaşı, bizim də 27 illik həsrətimizə son qoydu, indi doğma yurdumuzun azad edilməsinin sevincini yaşayırıq”.



Şəhidin atası Maarif Hüseynov deyir ki, Elxan sanki kəşfiyyatçı olmaq üçün dünyaya gəlmişdi:

“Mənimlə məsləhətləşəndə bu arzusunu söylədi, mən razı olmasam da, təkidlə öz yolunu davam etdirdi. Onun döyüş yolu azad olunan bütün ərazilərimizdən keçib. Çünki onlar xüsusi təyinatlılardır. Onlar qəhrəmancasına döyüşərək torpaqlarımızı azad etdilər. Elxan Şuşa uğrunda əlbəyaxa döyüşlərdə mübarizə aparanlardan biri idi. Təkcə Elxan 40-dan çox ermənini əlbəyaxa döyüşdə məhv edib”.


 



 


Şəhidin Vətən müharibəsinə könüllü yollanan böyük qardaşı Orxan Hüseynov qardaşı ilə bağlı danışarkən deyir:

“Mən qardaşımla fəxr edirəm. Onlar ən öndə gedən qəhrəmanlarımızdır. Qismət belə gətirdi ki, mən qardaşımla heç vaxt görmədiyimiz Cəbrayıl torpağında görüşdüm. Gülərək dedi ki, "Əmimin qisasını aldım". Mən də ona cavab verdim ki, "Mən də qisasımızı almışam". Bu, bizim sonuncu görüşümüz oldu... Telefonda sonuncu dəfə danışanda mənə dedi ki, "Şuşaya əlbəyaxa döyüşlərə gedirik". O, təkcə əlbəyaxa döyüşdə 40-50 ermənini məhv edib. Biz Şuşaya qardaşımgilin dəstəsindən sonra girdik və bu gün də qardaşım və bütün şəhidlərimizin bizə əmanət etdiyi torpaqlarımızın keşiyindəyik.Vətən keşiyində dayanmaq və şəhid qardaşı olmaq həm qürurlu, həm də məsuliyyətlidir”.